ABŞ ordusu gizli dəniz gücü ideyasını həyata keçirir
Dünya xəbərləri

ABŞ ordusu gizli dəniz gücü ideyasını həyata keçirir

ABŞ Müdafiə Qabaqcıl Araşdırma Layihələri Agentliyi (Darpa) 1990-cı ildə çəkilən bir filmdə təsvir edilən sovet sualtı qayığı - Qırmızı Oktyabr gəmisinə bənzər qurğu inşa etdiklərini açıqlayıb. Qeyd edilib ki, sualtı qayıq aşkar edilməsi çox çətin olan səssiz hərəkət sisteminə malikdir. 

"Respublika" BBC-yə istinadan xəbər verir ki, filmdən 30 il sonra, Darpa orada təsvir edilən "tırtıl sürücüsü"nə bənzər bir dəniz hərəkəti sistemi üzərində işləyir. 

Maqnitohidrodinamik (MHD) ötürücü adlanan sistemdə ümumiyyətlə hərəkət edən hissələr yoxdur, sadəcə maqnit və elektrik cərəyanı mövcuddur. Qurğu elektrik cərəyanına düz bucaq altında maqnit sahəsi yaradaraq işləyir. Bu da dəniz suyuna təsir edərək, gəmini hərəkətə gətirən Lorentz adlanan bir qüvvə yaradır.

Mühəndislər MHD diskləri üzərində onilliklər ərzində işləyiblər və orijinal konsepsiya 1960-cı illərə təsadüf edir.

1992-ci ildə Yapon Gəmi və Okean Fondu MHD sürücüsünü sınaqdan keçirən 30 m uzunluğunda Yamato-1 gəmisini inşa edib. Lakin sistem tam öyrənilmədiyi üçün , Yamato-1 yalnız 6,6 düyün sürətlə hərəkət edə bilib və həddindən artıq enerji sərf edib. Lakin tədqiqatçılar bildirib ki, Yamato-1 layihəsi nəticəsində belə bir qurğunun işləyə biləcəyi sübut edibilib. Yamato layihəsi daha güclü maqnitlərə və  möhkəm elektrodlara ehtiyac olduğunu göstərib.

Ekspertlər bu problemlərdən birincisinin nüvə sintezi sənayesi tərəfindən hazırlanmış yeni nəsil maqnitlərlə asanlıqla həll edilə biləcəyini bildirib. Bu yeni maqnitlərin yaratdığı güc okeanın ən dərin yerlərində təzyiqi ikiqat artırmağa malikdir. İndi daha güclü maqnitlər mövcud olsa da, ikinci problem, elektrodları necə qorumaq məsələsi üzərində çalışılır. 

Töhfə SƏMƏDOVA,

"Respublika".