Sağlam həyat
Maraqlı

Sağlam həyat

Meymun çiçəyi kabusu

İki ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi də  meymun çiçəyi (monkeypox) virusundan təşvişə düşüb. Sürətlə yayılan bu virus İngiltərə, İspaniya, Portuqaliya, İtaliya, İsveç, Kanada və ABŞ-dan sonra Belçikada da müşahidə olunub. Bu necə bir virusdur? Nə dərəcədə narahat olmalıyıq?  Əlamətləri nədir, müalicəsi varmı?

Bu il Avropadan sonra meymun çiçəyi virusuna ilk dəfə ABŞ-da rast gəlinib.  Bu yaxınlarda virus  ilk dəfə ABŞ-da yaşayan və Kanadaya səfər etmiş bir kişidə aşkar edilib.

Meymun  çiçəyi çox nadir rast gəlinən və çiçək xəstəliyinə bənzər bir xəstəlikdir. Mütəxəssislər çiçək xəstəliyindən fərqli olaraq, bu virusun əlamətlərinin daha yüngül və yoluxma ehtimalının isə daha az olduğunu söyləyirlər. Adətən bu virusa Qərbi Afrika ölkələrinin tropik meşələrinə yaxın ərazilərdə rast gəlinir. Virusun iki ştammı var, Qərbi və Mərkəzi Afrika virusunun ilkin əlamətləri qızdırma, şişkinlik, baş, bel, əzələ ağrısı və halsızlıqdır. Qızdırma ilə başlayan xəstəlik daha sonra səpgilərlə müşayiət olunur. Qaşıntı ilə müşayiət olunan səpgilər  isə ilk olaraq üzdə, ovucların içərisində, daha sonra isə ayaqlarda və bədənin digər hissələrində əmələ gəlir. Bir neçə həftə ərzində davam edən xəstəlik öz-özünə yox olur. İnsandan-insana keçməklə yanaşı, həmçinin meymun, siçovul və dələ kimi virusa yoluxmuş heyvanlarla yaxın təmas yolu ilə yayılır.

Mütəxəssislər virusa qarşı qızılca və suçiçəyi xəstəliyi əleyhinə  peyvəndlərin  85 faiz effektiv  olduğunu qeyd edirlər. Xəstəliyin müalicəsinin olmadığı bildirilsə də, ölüm hallarına nadir halda rast gəlindiyi vurğulanıb.

"Bu virusa  yoluxmuş şəxslə təmasda olan yalnız 50 nəfərdən birinin yoluxması xəstəliyin nə qədər zəif olduğunu göstərir. Epidemiyanın astanasında olduğumuzu düşünmək doğru olmazdı", - deyə Nottingem Universitetinin professoru Conatan Ball qeyd edib.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

 

Çiyələyi hansı səbəblərə görə yeməliyik?

Yaz-yay mövsümünün ən məşhur meyvələrindən biri olan çiyələk təkcə dadı ilə deyil, sağlamlığımıza olan faydalı təsirləri ilə də seçilir. C vitamini "deposu" hesab edilən çiyələyin bir porsiyası (10 ədəd  orta ölçülü çiyələk) gündəlik bu vitaminə olan  ehtiyacı artıqlaması ilə qarşılayır. Eyni zamanda A vitamini, kalium, kalsium, maqneziumla da zəngin olan bu meyvənin tam bir şəfa qaynağı olduğunu desək, yanılmarıq.

Tərkibindəki lif zənginliyi  baxımından çiyələk pis xolesterinin (LDL) aşağı salınmasında böyük  rol oynayır. Eyni zamanda zəngin antioksidant tərkibi ilə xolesterola müsbət təsir göstərərək aterosklerozun qarşısını alır. Mütəxəssislər hər gün müntəzəm olaraq çiyələk istehlak edən insanlarda LDL xolesterolunun 14, ümumi xolesterinin 9, trigliserid səviyyələrinin isə 21 faiz  azaldığını söyləyirlər.

Həmçinin  ürək sağlamlığını da dəstəkləyən bu meyvənin tərkibindəki kalium yüksək təzyiqi olan insanlar üçün də faydalıdır. Kalium ürək əzələsinin nizamlı işləməsini və qan təzyiqini tarazlaşdırmaqla ürək-damar sisteminə əhəmiyyətli təsir göstərir. Antioksidant dəyərinə görə  ən yüksək meyvələr sırasında olan  çiyələk həm də xərçəngin "düşmənidir". Nəinki xərçəng, antioksidantlar sayəsində bədəni sərbəst radikallardan qoruyaraq digər xəstəliklərin də qarşısını alır. Üstəlik tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirərək viruslarla da  mübarizə aparır.

Mütəxəssislər aşağı glisemik indeksə (GL) sahib çiyələyin  qan şəkəri balansını tənzimləməklə yanaşı,  piylərin  yandırılmasında da vacib rol oynadığını deyirlər. Bilavasitə, zəngin lif tərkibi sayəsində  qəbizliyin qarşısını almaqla yanaşı, toxluq müddətini də  uzadaraq çəkini  nəzarətdə saxlayır.

Mütəxəssislər meyvənin istehlakının xüsusilə uşaqlarda allergik reaksiyalara səbəb olduğu üçün ehtiyatlı olmağı tövsiyə edirlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Yaddaş zəifliyinin əlacı tapıldı

Bu yaxınlarda ABŞ-ın Massaçusets alimləri yaddaş funksiyasının yaxşılaşdırılması istiqamətində perspektivli bir addım atıblar. Belə ki, tədqiqatçılar   gənc siçanların  onurğa beynindən alınan mayeni yaşlı siçanlara  köçürüblər.

"Nature" jurnalında dərc edilən məqalədə gənc siçanların onurğa beynindəki  bir zülalın yaddaş  funksiyasını qoruyan hüceyrələrinin artırılmasına təkan verə biləcəyindən bəhs olunub.

Tədqiqatçı komanda   gənc siçanlardan  alınan onurğa beyni mayesini birbaşa yaşlı insanların beyninə köçürüb. Bu metodun yaşlı siçanlarda neyronların keçiriciliyini artıraraq  yaddaş funksiyasına müsbət təsir etdiyi  qeyd edilib.

Serebrospinal mayenin normal beyin inkişafı üçün lazım olan əsas ionların və qida maddələrinin qarışığı olduğunu bildirən tədqiqatçılar bunun beyin sağlamlığının göstəricisi olduğuna işarə etdiyini söyləyirlər. Amma yaşlandıqca mayenin tərkibində bəzi dəyişikliklər baş verir ki, bu da yaddaşla əlaqəli hüceyrələrə təsir edə bilər.

ABŞ-ın Massaçusets ştatındakı Boston Uşaq Xəstəxanasının neyrobioloqu Maria Lehtinen bu araşdırmanın fundamental elm baxımından olduqca həyəcanverici olduğunu və daha çox tədqiqatların  aparılmasının vacibliyini vurğulayıb.

 

Qlüten həqiqətən zərərlidirmi?

Buğda, arpa, çovdar kimi bəzi taxıl məhsulları ilə yanaşı, eləcə də bir çox qida və içkilərin tərkibində rast gəlinən qlüten prolaminlər kimi tanınan bitki zülalıdır. Yapışqan bir xüsusiyyətə malik bu zülaldan həmçinin diş məcunları, şampun və kremlərin istehsalında da istifadə edilir. Son vaxtlar  tərkibində qlüten olan məhsulların istehlakı ilə bağlı  bəzi fikir ayrılıqları yaranıb. Belə ki, bəzi mütəxəssislər qlüten tərkibli qidaların yalnız çölyak xəstələrindən başqa insanlar üçün təhlükəsiz olduğunu bildirsələr də, bəziləri isə bu zülalın demək olar ki,  hər kəs üçün zərərli olduğunu iddia edirlər. Bəs bu söylənənlərin hansına inanaq?

"Bild der Wissenschaft" jurnalında dərc edilən xəbərdə  amerikalı alimlər qlütenin  prebiotik rolunu oynayaraq orqanizmdəki "yaxşı" bakteriyaları bəslədiyini söyləyirlər. Arabinoksilan oligosakkarid buğda kəpəyindən alınan, koloniyada bifidobakteriyaların aktivliyini stimullaşdırdığı göstərilən bir prebiotik karbohidratdır. Bu bakteriyalar əslində, sağlam insan bağırsağında olur. Lakin alimlər miqdar və ya fəaliyyətindəki dəyişikliklər  baxımından bu bakteriyaların  bir sıra mədə-bağırsaq xəstəliklərinə  yol aça biləcəyinin də  istisna olmadığını qeyd ediblər.

Qlütenə qarşı reaksiya çölyak xəstəliyi şəklində ortaya çıxır. Qeyd edək ki, çölyak xəstəliyi qlüten tərkibli qidaların istehlakı zamanı immun sistemin nazik bağırsaq hüceyrələrinə hücum etdiyi ciddi bir avtoimmun vəziyyətdir. Bu xəstəliyə  əhalinin təxminən bir faizində rast gəlinir. Bir çox digər avtoimmun vəziyyət kimi çölyak xəstəliyinin də dəqiq səbəbi hələ aydın deyil, lakin genetik olduğuna dair ciddi dəlillər vardır. Çölyak xəstəliyinə qarşı dərmanlarla müalicə hazırda araşdırılır, lakin ən çox qəbul edilən və istifadə olunan müalicə qlütensiz bir pəhriz hesab olunur.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".