Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Artıq kompüterlər fotosintezlə işləyəcək

Karbon əsaslı enerji mənbələrindən uzaqlaşma istəyi elm adamlarını başqa bir enerji qaynaqlarına üz tutmaq üçün hərəkətə gətirib. Bu problemin həlli yolunda müxtəlif üsulları sınaqdan keçirən alimlər, arzuladıqları enerji mənbəyini bitki aləmində tapıblar. Belə ki, tədqiqatçılar su yosunlarından istifadə edərək fotosintezlə işləyən kompüter hazırlayıblar.

Kembric Universitetinin alimləri su yosunundan əldə etdikləri az miqdarda enerji ilə kompüteri çalışdırmağı bacarıblar. Fotosintezlə işləyən bu kompüter isə yeni bir enerji qaynağının xəbərçisi ola bilər.

Alimlər siyanobakteriya koloniyasını (həmçinin mavi-yaşıl yosun kimi də tanınır) AA batareyası ölçüsündə olan metal bir qabın içinə möhürləyiblər. Daha sonra isə bu qab pəncərə kənarına qoyularaq bir neçə müddət saxlanılıb. Fotosintez edən yosunlar bir müddət sonra az miqdarda da olsa elektrik enerjisi istehsal etməyə başlayıb. İstehsal olunan elektrik enerjisi kompüterin ARM Cortex-M0+ prosessorunu işə salmaq üçün istifadə edilib.

Təbii ki, yeni sistemin istehsal etdiyi elektrik enerjisi hələlik bir kompüteri işlətmək üçün kifayət etmir. Alimlər bunun sadəcə konsepsiyanı nümayiş etdirmək məqsədilə hazırlanmış bir nümunə olduğunu və gələcəkdə daha da təkmilləşdirilmiş versiyalarının hazırlanacağını söyləyirlər. Əldə edilən bu nailiyyət gələcəkdə yaşıl enerji ilə işləyən texnologiyaların istehsalına zəmin yaradır.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

 

45 il əvvəl kosmosa buraxılan Voyager haradadır?

ABŞ-ın Aerokosmik Agentliyinin (NASA) Voyager 1 adlı kosmik gəmisinin orbitə buraxılmasından artıq 45 il ötür. 1977-ci ildən kosmosa göndərilən və hələ də missiyasını davam etdirən roverin Yerə göndərdiyi məlumatların sirri çözülməyib. Bu yaxınlarda gəmidən gələn qəribə məlumatlar elm dünyasının çaşqınlığına səbəb olub.

NASA-dan verilən məlumata görə, roverin düzgün işləməsinə baxmayaraq, onun davranış artikulyasiyası və idarəetmə sistemindən gələn oxunuşlar kosmik gəminin hərəkəti və oriyentasiyası ilə uyğun gəlmir. Bu isə roverin kosmosdakı mövqeyi ilə bağlı oriyentasiyanın pozulmuş ola biləcəyini göstərir.

Qeyd edək ki, antenası düz planetimizə doğru yönəldilən Voyager NASA-ya ulduzlararası mühit haqqında mühüm məlumatların göndərilməsi üçün vacib və əvəzolunmaz sistemdir. Roverin antenasının Yer kürəsinə doğru düzgün yönəlməsindən və siqnallarının çox güclü olduğundan əmin olan alimlər yanlış məlumatların birbaşa bu cihazdan gəlib-gəlmədiyini müəyyən etməyə çalışırlar.

Qeyd edək ki, Günəş sisteminin təsir dairəsi xaricində araşdırma aparmaq üçün kosmosa göndərilən Voyager 1 Yerdən 23,3, Voyager 2 isə 19,5 milyard kilometr uzaqlıqdadır. Ulduzlararası yerləşmə səbəbilə Voyager 1-dən göndərilən siqnalın bir istiqamətə səyahət etməsi 20 saat 33 dəqiqə çəkir. Bu baxımdan da NASA ilə Voyager arasında bir mesajın gəlib-getməsi təxminən iki gün çəkir.

İnformasiya "Forschung und Wissenschaft" jurnalında dərc edilib.

 

Robotlar da dequstatorluq edəcək

Son illərdə süni intellektin inkişafı ilə həyatımızı asanlaşdıran yeni cihazların istehsalı da sürətlənib. Həyatımızın hər sahəsində istifadə edə biləcəyimiz bu məhsullar öz qeyri-adiliyi ilə bizi təəccübləndirməkdə davam edir. Belə ki, bu yaxınlarda amerikalı alimlər yeməklərin dadına baxa bilən robot hazırlayıblar.

Kembric Universitetinin mühəndisləri insanların dadbilmə zövqünü robotlara inteqrasiya etməyi bacarıblar.

Aşbaz robot qolunun ucundakı kiçik bir alət vasitəsilə yeməklərdən nümunə götürərək kompüterin köməkliyi ilə hərtərəfli dad xəritəsi yaradır. Bundan əlavə, robot yeməklərin hazırlanması zamanı ədviyyatlara ehtiyac olub-olmadığını da təyin edir. Dadbilmə hissinə malik robot bu vasitə ilə yeməklərin duzlu və ya duzsuz olduğunu ayırd edir.

Elm adamları robotun insanların çeynəmə və dad alma funksiyalarını təqlid etdiyini və onların zövqünə uyğun yeməklər hazırlaya biləcəyini söyləyirlər. Bundan əlavə, yeməklərin fərdi zövqlərə uyğunlaşdırıla biləcəyi də qeyd edilib.

"Robot da biz insanlar kimi yemək bişirməyi öyrəndiyi zaman, onun bu işi nə qədər yaxşı bacardığına dair fikrə ehtiyac duyur. Təcrübə zamanı robotun yeməklərdəki dad fərqlərini görə bildiyini müşahidə etdik", - deyə layihə rəhbəri Dr. Arsen Abdulali qeyd edib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Xərçəngin müalicəsində "metal detektor" dövrü

Elm adamlarının ərsəyə gətirdikləri metal detektoru kimi çalışan cihaz xərçəngin müalicəsinə yeni qapı aça bilər. Belə ki, yeni texnologiya xüsusilə döş xərçənginin müalicəsi üçün artıq Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən tövsiyə edilən ən effektiv cihazlar sırasına daxil olub.

Cihaz xərçəngin yayılıb-yayılmadığını təsbit etmək məqsədilə hazırlanıb. "Sentimag" adlı texnoloji alət maqnit dəmir oksidi kimi tanınan qəhvəyi rəngli mayenin daxilinə yeridilməsi ilə işləyir. Maye həmçinin limfa düyünlərini tünd qəhvəyi rəngə boyayaraq həkimlərin biopsiya etməsini də asanlaşdırır. Xərçəng toxumasının ətrafına inyeksiya edilən maqnit mayeni (Magtrace) izləyən cihaz xərçəngin yayılmış ola biləcəyi bölgələri təsbit etdiyi zaman siqnal verməyə başlayır. Prosedurun ardınca isə xərçəng hüceyrələrindən toxuma və maye alınaraq biopsiya edilir.

Elm adamları bu texnologiyanın radioloji şöbəsi olmayan, yaxud məhdud imkanlara malik xəstəxanalarda xərçəngin diaqnozu və müalicəsində prespektivli çıxış yolu ola biləcəyini söyləyirlər.

Böyük Britaniyanın səhiyyə naziri Sajid Cavid cihazın İngiltərədə ən çox yayılmış xərçəng növü olan döş xərçənginin yayılmasının qarşısının alınmasında effektiv vasitə olduğunu qeyd edib.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".