DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TAXIL DƏHLİZİ İLƏ BAĞLI BİRGƏ KOORDİNASİYA MƏRKƏZİNİN AÇILIŞI OLUB

Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı zamanı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamalar verib. “Teleqraf.com”un xəbərinə görə, Hulusi Akar bu dəhlizin ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcəyini bildirib.

“Birgə Koordinasiya Mərkəzində hərbi və mülki olmaqla Türkiyə, Rusiya, Ukrayna və BMT-dən beş nümayəndə təmsil olunur. Bu sahədə heç bir hərbi element yoxdur. Mərkəz ticarət gəmilərinin yola salınmasına nəzarət edəcək, BMT və iştirakçı ölkələrlə tranzit fəaliyyəti həyata keçirəcək”, - deyə nazir vurğulayıb.

Hulusi Akarın sözlərinə görə, hazırkı mərhələdə minaların təmizlənməsinə ehtiyac yoxdur, zərurət yaranarsa, əməkdaşlıq şəraitində bu məsələ öz həllini tapacaq. Taxıl dəhlizi müqaviləsinin 120 gün müddətinə qüvvədə olacağını qeyd edən nazir ehtiyac olarsa, bu müddətin uzadıla biləcəyini də diqqətə çatdırıb.

“Hazırda Ukrayna limanlarından çıxan gəmilərin yüklənməsi prosesləri davam edir. İnanırıq ki, görüləcək işlər taxıl böhranının aradan qaldırılmasına, qiymətlərin aşağı salınmasına mühüm töhfələr verəcək”, - deyə nazir əlavə edib.

 

BORİS CONSON NATO-NUN BAŞ KATİBİ OLA BİLƏR

Böyük Britaniyanın istefa vermiş baş naziri Boris Conson NATO-nun yeni baş katibi ola bilər. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin “The Telegraph” nəşri məlumat yayıb.

“İstefadan sonra çətin ki, Conson yüksək vəzifədə olmasın. Xüsusilə onun güclü liderlik keyfiyyətlərini, Ukraynaya verdiyi ciddi dəstəyi nəzərə almaq lazımdır”, - deyə məqalədə qeyd olunub.

Məlumata görə, Britaniya Müdafiə Komitəsinin üzvləri də Boris Consonun NATO-nun baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini dəstəkləyir.

Böyük Britaniya Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Riçard Dannar isə hesab edir ki, B.Conson istefasını elan etdiyi üçün ətrafında yaranan qalmaqallar siyasətçiyə olan inamı sarsıda bilər. O, Boris Consonu şəxsi keyfiyyətlərinə görə NATO-nun baş katibi kimi görmür, lakin Ukraynaya dəstəyinin möhtəşəm olduğunu bildirib.

 

İVANİŞVİLİ: BƏZI QÜVVƏLƏR GÜRCÜSTANI MÜHARİBƏYƏ CƏLB ETMƏYƏ ÇALIŞIB

“Müəyyən qüvvələr Gürcüstanı fəal şəkildə müharibəyə cəlb etməyə çalışıb”. “APA”nın xəbərinə görə,  bunu Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili yaydığı bəyanatında qeyd edib.

Keçmiş baş nazirin sözlərinə əsasən, məsələ bu gün də aktualdır və hakim partiya böyük çətinliklərə baxmayaraq, düzgün işləyib və prinsipial mövqe tutaraq müharibə təhlükəsinin birinci mərhələsini aradan qaldırıb.

Eyni zamanda, Bidzina İvanişvili qeyd edib ki, Ukraynada müharibə bitənə qədər müəyyən risklər qalacaq və həm hökumət, həm də ictimaiyyət son dərəcə diqqətli olmalıdır ki, Gürcüstan  müharibədən yayına bilsin.

Xatırladaq ki, 2012-ci ildə "Gürcü Arzusu" partiyasını təsis edən Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın Baş naziri olub.

 

CƏNUBİ KOREYADA SUTKADA 100 MİNDƏN ÇOX İNSAN KORONAVİRUSA YOLUXUB

Cənubi Koreyada son üç ayda ilk dəfə olaraq “COVID-19”a yoluxanların sayı 100 mini keçib. “Trend”in məlumatına görə, bu barədə “Renhap” agentliyi xəbər verib.

Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyindən bildirilib ki, son sutka ərzində ölkədə 100285 nəfər “COVID-19” virusuna yoluxub, 25 nəfər isə dünyasını dəyişib.

Məlumata əsasən, bu, aprelin 20-dən bəri ən yüksək koronavirusa yoluxma hadisəsidir. Həmin vaxtda sutkada 111291 yeni xəstəliyə yoluxma halı qeydə alınmışdır.

Cənubi Koreyada koronavirusa yoluxma hallarının sayının artmasını “omikron” ştammının “BA.5” subvariantının yayılması ilə əladəndirirlər.

 

JOZEP BORREL: İRAN NÜVƏ RAZILAŞMASINI İNDİ İMZALAMALIDIR

“İran nüvə razılaşmasını indi imzalamalıdır. Sizin üçün bundan yaxşı şərait olmayacaq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel “The Financial Times” nəşrində dərc olunan məqaləsində bildirib.

“Qərb maksimum çeviklik nümayiş etdirib və İran bundan əlverişli şərtlər əldə edə bilməyəcək”, - deyə Jozep Borrel vurğulayıb.

Eyni zamanda, ali nümayəndə qeyd edib ki, razılaşmadan imtina nüvə böhranı riskini əhəmiyyətli dərəcədə artıracaq, eləcə də İranın və vətəndaşlarının beynəlxalq təcridi ilə nəticələnəcək.

Bir müddət öncə nüvə məsələsi üzrə “altılıq” və Avropa İttifaqı ilə danışıqlarda İran nümayəndə heyətinin başçısı Əli Baqiri-Qəni xüsusi təkliflərinin olduğunu bildirmişdi.

 

TÜRKİYƏNİN MOSULDAKI KONSULLUĞUNA HÜCUM

İyulun 27-i səhər saatlarında Türkiyənin İraqın Mosul şəhərindəki konsulluğuna hücum  aktı həyata keçirilib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin  açıqlamasında bildirilib.

Məlumata əsasən, nazirlik hücumu qınayaraq, Türkiyənin günahkarların qısa zamanda məsuliyyətə cəlb olunacağını gözlədiyini qeyd edib.

“Biz İraq hakimiyyətini diplomatik və konsulluq nümayəndəliklərini qorumaq üçün öz öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu hücumun İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda baş verməsi də düşündürücüdür”, - deyə Türkiyə XİN-nin açıqlamada qeyd olunur.

Bununla yanaşı, Türkiyə XİN-i İraq hakimiyyətinin diqqətini terrorizmlə mübarizəyə yönəltməyə və öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırıb.

 

HAİTİNİN PAYTAXTINDA QANLI TOQQUŞMALAR DAVAM EDİR

Haitinin paytaxtı Porto-Prensdə silahlı toqquşmalar nəticəsində on gün ərzində 209 nəfər qətlə yetirilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə BMT-nin açıqlamasında qeyd olunur. Bildirilir ki, həyatını itirənlərin təxminən yarısı silahlı dəstələrlə əlaqəsi olmayan şəhər sakinləridir.

Toqquşmalar paytaxtın insanların sıx yaşadığı Site-Soley məhəlləsində baş verib. Məlumata görə, “G9” və “G-Pep” dəstələri bu məhəlləyə nəzarət etmək üçün bir-biri ilə mübarizə aparır.

İllərdir zorakılığın yaşandığı ölkədə prezident Jovenel Moizin ötən il muzdlular tərəfindən öldürülüb və bundan sonra Haitidə sabitlik pozulub.

BMT bölgədə 254 nəfərin yaralandığını və onların təxminən yarısının silahlı dəstələrə aid olmadığını açıqlayıb.

Eyni zamanda, toqquşmalarla bağlı üç minə yaxın şəhər sakininin evlərini tərk etdiyi, mənzillərin bir hissəsinin yandırılaraq dağıldığı bildirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.