MƏRDLİK VƏ ŞÜCAƏT NÜMUNƏSİ
Region

MƏRDLİK VƏ ŞÜCAƏT NÜMUNƏSİ

Göygöl rayon şəhidi Məmmədov Maqsud Vüqar oğlunun adına inşa olunan xatirə bulağının açılışına həsr olunmuş tədbir keçirilib.

İlk öncə, şəhidin Göygöl Şəhər Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub və əziz xatirəsi böyük ehtiramla anılıb.

Maqsud Məmmədov 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyul ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş və oktyabrın 9 -da rayonun Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Tədbirdə çıxış edənlər və şəhidin təhsil aldığı Göygöl şəhər 4 nömrəli tam orta məktəbin direktoru Aişə İsgəndərova şəhid Maqsud Məmmədovun məktəb həyatından, ən fəal və mehriban şagird olduğundan, keçdiyi döyüş yolundan, vətənə sədaqətindən, vətən uğrunda göstərdiyi şücaətdən ətraflı söhbət açıblar, xoş xatirələrini bölüşüblər. Şəhidin anası Məhəbbət Məmmədova ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Şəhidin təhsil aldığı Göygöl şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər. Sonda Maqsud Məmmədovun xatirəsinə inşa olunan ehsan bulağı istifadəyə verilib.

Zabit XƏLİLOV,

"Respublika".