İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Millimiz V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.

Çəkicatma yarışlarında çıxış edən Anna Skidan bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol, velosiped, gimnastika, futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

 

Taekvondoçumuz İslamiadada bürünc medal qazanıb

Taekvondo üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarda mübarizəyə başlayıb.

Millimizin taekvondoçusu, 58 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Qaşım Maqomedov İslamiadada bürünc medal qazanıb. Təmsilçimiz startda rəqibinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. İkinci qarşılaşmasında 2:1 hesabı ilə qələbə qazanıb. Yarımfinalda İran idmançısına məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, taekvondo komandamızın aktivinə yazılan ilk mükafat olub.

 Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) dörddəbir, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə səkkizdəbir finalda mübarizəni dayandırıblar.

 

Voleybolçularımızın İslamiadada ilk görüşü uğurlu olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Oyunlarda A qrupunda mübarizə aparan yığmamız Sudan seçməsi ilə qarşılaşıb. Komandamız rəqibini 3:0 (25:13, 25:20, 25:22) hesabı ilə məğlub edib. Növbəti oyun avqustun 11-də Kamerun millisinə qarşı keçiriləcək.

Yığmamız A qrupunda Sudan, Kamerun və Mərakeş seçmələri ilə birgə mübarizə aparır.

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk görüşündə Seneqal millisi ilə qarşılaşıb. Karatay Konqres və İdman Mərkəzində keçirilən oyunda millimiz 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbə qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika"