Sağlam həyat
Səhiyyə

Sağlam həyat

Ac qalmaq da piylənməyə səbəb olur

Statistik hesablamalara görə, dünyada təxminən 2 milyard insan lazımi qədər qidalanmır, 815 milyon insan aclıqdan, 700 milyon insan isə piylənmədən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatı piylənmənin ən təhlükəli xəstəliklərdən olduğunu açıqlayıb.

Oksford Universitetinin piylənmə və metabolik cərrahiyyə üzrə mütəxəssisi E.Corc yeyilən qidalardan əldə edilən enerjinin sərf edilən enerjidən çox olduğunu qeyd edib: "Bəzən hər köklüyə də piylənmə deyilir. Nəzərinizə çatdırım ki, kişilərdə bel çevrəsi 102 sm, qadınlarda isə 88 sm-dən çoxdursa, bu, piylənmə hesab edilir. Yəni, 160 sm boyu olan kişinin çəkisi 77 kq-dan artıqdırsa, demək olar piylənmə gedir".

Yüksək kalorili yeməklərlə yanaşı, kifayət qədər qidalanmamağın da piylənməyə səbəb olduğunu vurğulayan cərrah bəlli olmayan məqamlardan danışıb:

"Yüksək kalorili yeməklərlə yanaşı, kifayət qədər qidalanmamaq da köklük yaradır. Karbohidratların, proteinlərin, yağ, su və mineralların, vitaminlərin kifayət qədər qazanılmaması nəticəsində vücud funksiyası pozulur və bu da piylənməni sürətləndirir".

"Apetite" jurnalında dərc edilən araşdırmaya görə, hər gün 3 dəfə yemək yeyilməlidir və bunun vaxtı keçməməlidir. İş yorğunluğu səbəbindən saatlarla yemək yemirik, çox acdığımız zaman yadımıza düşür. Daha sonra isə çox sürətlə yeməyə başlayırıq. Bu zaman da toxluq hissi gec gəldiyi üçün daha çox yemək yeyirik. Uzun müddət ac qaldıqdan sonra  mədənin birdən-birə yüklənməsi və çox miqdarda qida istehlakı piylənməyə yol açır. Bundan əlavə, qidanın yaxşı çeynənməmiş şəkildə tələsik qəbulu da piylənmə riski yaradır.

 

Payızda necə qidalanmalıyıq?

Hər bir fəslin özünəməxsus  gözəlliyi olduğu kimi, qida rasionu da fərqlidir. Bildiyimiz kimi, payız mövsümü infeksion xəstəliklərin daha çox yayıldığı fəsil olduğu üçün sağlamlığımız baxımından qidalanmamıza xüsusilə diqqət  etməliyik. Bəs  bu fəsildə  necə qidalanaq ki, sağlamlığımızı təhlükəyə atmayaq? Daha çox hansı qidalara üstünlük verməliyik?

Sözsüz ki, havaların kəskin şəkildə soyuması orqanizmimizə təsir edir. Soyuq hava, günəşin azalması immun sisteminin  getdikcə zəifləməsinə səbəb olur. Odur ki, payızda qidalanmaya daha çox diqqət etmək lazımdır. 

Mütəxəssislər qrip və soyuqdəymə hallarının qarşısını almaq üçün xüsusilə immun sistemini gücləndirən, antioksidant təsirə malik A və C vitaminləri ilə zəngin qidalara daha çox üstünlük verməyi tövsiyə edirlər. Bundan əlavə, isti içkilərdən  çay və qəhvə yerinə isə bitki çaylarından istifadə etmək məsləhət görülür. Qeyd edək ki, belə çaylar içərisində C vitamini ilə ən çox zəngin olan itburnu çayıdır.

Həmçinin, qəbul edilən  ərzaqların təbii olmasına xüsusi diqqət yetirilməli, portağal, narıngi, kivi, qreypfrut, limon kimi sitrus meyvələrindən istifadəyə daha çox yer verilməlidir. Çünki onların tərkibindəki  efir yağları viruslara qarşı  olduqca effektiv  təsirə malikdir. Portağal elə meyvələrdəndir ki, tərkibində C vitamini olduğu üçün çox faydalıdır, eləcə də bu bitkidə bədənə lazım olan maqnezium, kalium, B6 vitamini, antioksidantlar vardır. Qreypfrut da bu cür meyvələrdən biridir, tərkibində C, A, E vitaminləri və antioksidantlar mövcuddur.

Respirator xəstəliklərə qarşı müdafiədə orqanizmin  zülala olan tələbatını təmin etmək də  vacib şərtlərdən biridir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi məhsullar zülalın ən yaxşı mənbəyi hesab edildiyi üçün bu qidalardan  mümkün olduğu qədər çox istifadə edilməlidir.  Mütəxəssislər həftədə ən azı 2 dəfə  balıq məhsullarından istifadəni məsləhət görürlər.

Unutmayın ki, bu dəyərli məsləhətlərə əməl etməklə immun sistemimizi gücləndirib, xəstəliklərdən qoruna bilərik.

İnformasiya "Sözçü" qəzetində yayımlanıb.

 

Bu dərman xərçəngin qarşısını alırmış

Elm adamları bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilən xərçəng xəstəliyinin qarşısının alınması üçün əllərindən gələni etməyə çalışırlar. Hələ də, müalicəsi tapılmayan  bu xəstəliklə mübarizə aparmaq üçün optimal çıxış yolları axtaran tədqiqatçılar araşdırmalarına  davam etməkdədirlər. Bu dəfə isə onlar xərçənglə  mübarizədə qandurulducu kimi tanıdığımız aspirinin effektiv təsirini üzə çıxarıblar. Belə ki, alimlər bu dərmanın xərçəng xəstələrinin sağqalma şansını artıra və şişlərin yayılmasını ləngidə biləcəyini söyləyirlər.

Uelsin Cardiff Universitetinin  alimləri  aspirin qəbulunun faydalarının qanaxma riskinin artması kimi yan təsirlərin səbəb olduğu  problemlərdən daha çox olduğunu ortaya çıxarıblar. Onlar "Open Biology"  jurnalında dərc etdirdikləri araşdırmalarında aspirin və xərçənglə bağlı əvvəlki tədqiqatlarının nəticələrini təqdim ediblər.

Aspirin qəbul edən xəstələrin daha uzun ömür sürdüyünə dair faktlar əldə edən alimlər, eləcə də bu təsiri izah edə biləcək bioloji mexanizmlərin sübutlarını tapıblar. Bunlara xərçənglə əlaqəli anormal laxtalanma, iltihabın azalması, qan damarlarının genişlənməsi  daxildir.

Mütəxəssislər aspirinin müxtəlif xərçəng növlərinə  düçar olan xəstələrin həyatda qalma şansını təxminən 20 faiz artıra biləcəyini deyirlər. Bundan əlavə,  dərmanın şişlərə təsir edərək xərçəngin yayılma "sürətini" də aşağı saldığı vurğulanıb.

Bütün bunlara baxmayaraq, tədqiqatçılar daha çox araşdırmalara və təcrübələrə ehtiyac olduğunu qeyd ediblər. Bilavasitə  preparatdan bu məqsədlə istifadə edənlərə həkimlə məsləhətləşmək tövsiyə edilir.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

 

Boyumuz sağlamlığımıza təsir edirmi?

Uzun illər aparılan müxtəlif tədqiqatlardan sonra məlum olub ki, insanın boyu onun sağlamlığına təsir edir. Belə ki, elm adamları balacaboy insanların uzunboylulardan daha çox yaşadığını iddia edirlər.

Massaçusets İnstitutunun alimlərinin araşdırmalarına görə, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişaf riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha azdır.  Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəlikləri riski də  (o cümlədən insult və infarkt kimi ağır pozulmaların)  orta və hündürboylu insanlara nisbətdə xeyli aşağıdır. Qısaboylu insanların hündürboylu insanlarla müqayisədə  xərçəng xəstəliklərinə düçar olma ehtimalı da azdır.    

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olması ilə əlaqəlidir. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və onlar sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəng riski də bir  o qədər artıq olur.

Təbii ki, bu, heç də o demək deyil ki, bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək.

Bundan əlavə, məlum olub ki,  hündürboylu insanlarda şəkərli diabet riski daha çoxdur. Boyu 183 sm-dən artıq olan insanların ayaq damarlarında tromblar daha çox  əmələ gəlir. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət etdiyi üçün  bu  durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb olur. Bu, həm kişilərə, həm də qadınlara aiddir.

Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Psixoloji olaraq isə bəstəboy insanlar hündürboylu insanlardan daha çox əziyyət çəkir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür.

İnformasiya "Bild der Wissenschaft" jurnalında dərc edilib.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".