Əsrin müqaviləsi
Siyasət

Əsrin müqaviləsi"ndən  Əsrin müharibəsi"nə

(əvvəli 27, 28 və 29 sentyabr tarixli saylarımızda)

Xeyirlə şərin, gerçəkliklə mifin mübarizəsi

İkinci cəbhə — İnformasiya meydanı

ABŞ-ın "Fox News" televiziya kanalına müsahibəsində müxbirin hökumət daxilində insan haqlarının pozulması, korrupsiya və bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı bəzi ittihamların olması sualına cənab Prezidentin cavabı çox gözlənilməz olmaqla qəfil "ildırım" effekti yaratdı.

Cavab: ...Korrupsiya var və biz buna qarşı mübarizə aparırıq... Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

–Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.

–Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

–Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.

–Bilirəm. Mən hazırlıqlı adamam.

–Gəlin indi ABŞ-a keçək...

Əsl ustad dərsi alan müxbir söhbəti müsahibinin təklif etdiyi istiqamətə yönəltmək məcburiyyətində qalaraq düşdüyü "seytnot" vəziyyətindən sanki çıxmaq mühiti yaratdığını hesab etsə də, nəticə hasil olmadı. Və Amerika siyasəti barədə verdiyi suallara diplomatik dildə, siyasi dəqiqliklə hesablanmış səviyyədə aldığı cavablardan sonra:

–Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlandıracaq, - deyərək müsahibəni yekunlaşdırdı.

Müxbirin özünün də dediyi kimi, uzun müsahibədən sonra gecikməmiş etiraf.

Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən:

Dialoq prosesində regionun keçmişi, bugünü, eyni zamanda, münaqişə və real durum haqqında saxta məlumatlara istinad edərək sual verən müxbirin ilkin mənbədən aldığı məlumatlar ürəyincə, nəzərdə tutduğu kimi olmadığından, yenidən tarixə müraciət etmək qərarına gəlir. Lakin tarixi mövzularda “piyada” olduğunu aydın hiss edən müxbir avropalılara xas üslubdan - proseslərin mahiyyətini, həqiqətdə necə olduğunu bir kənara qoyub, hadisələrin uyğunluğundan, zahirən gözəl təqdimatdan məharətlə formalaşdırılmış saxta və qeyri-səhih ictimai rəydən ikiəlli yapışaraq növbəti əsassız və mənbəsiz sualı ünvanlayır:

Sual: Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub...

Cavab: ...Əgər adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?

Müxbir: Hazırda məndə adı yoxdur, öyrənərəm.

Prezident: Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur.

Məharətlə siyasi manevrlər edən Prezidentin qarşısında özünün psevdosiyası sualları ilə iflasa uğradığını hiss edən müxbir unudurdu ki, mənsub olduğu Şərqin dilini mükəmməl bildiyi qədər Qərbin də dilini bilən və vəhdət ideyasından çıxış edərək siyasi dözüm nümayiş etdirməklə onunla öz dilində kamil danışan Prezidentlə üz-üzədir.

Bütün mənalarda tərk-silah olan müxbir şayiə xarakterli suallara keçir.

Sual: Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

Prezident: Siz əsgərlərlə danışmısınız?

Müxbir: Bəli.

Prezident: Döyüş meydanında?

Müxbir: Xeyr, döyüş meydanında yox.

Prezident: Bəs harada?

Müxbir: Bakı şəhərində.

Prezident: Onlar burada, Bakıda döyüşürlər?

Müxbir: Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

Prezident: İndi burada alman əsgərləri də ola bilər.

Müxbir: Siz birgə təlimlər keçirirsiniz...

Prezident: Bəli, bəli, keçiririk.

Müxtəlif müsahibələrdə Türkiyə ilə bağlı təxribatçı suallara cənab Prezidentin verdiyi cavablar əlavə suala ehtiyac yaratmırdı: Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın da öz müttəfiqləri var. ...Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil, ola bilsin, bu münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.

"BBC News"a verilən müsahibədə də müxbir müxtəlif mövzulu suallarla dialoq müstəvisində gəzişmələr etsə də, səlis ingilis dilində aldığı cavablardan mütəəssir olan müxbirin əsasən ingilisdilli auditoriya üçün nəzərdə tutulan müsahibədə verdiyi axırıncı sualın preambulası da çox maraqlı və müəmmalı görünür.

–Prezident Əliyev, icazənizlə, mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab versəniz, düşünürəm ki, onlar çox şad olarlar.

Müharibə dövründə dünyanın aparıcı, nüfuzlu informasiya agentliklərinə, televiziya kanallarına, qəzetlərinə verdiyi 30-a yaxın müsahibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın beynəlxalq hüququ, ədaləti müdafiə etməkdə BMT TŞ-nin qətnamələrini icra etdiyini bildirməklə qeyd etdi ki, beynəlxalq hüququn norma və prinsipləri əsasında torpaqlarımızı işğaldan azad etdik.

 

Xalqımız öz haqlı işində - ərazi bütövlüyünün bərpası və doğma torpaqlarının işğaldan azad olunması işində qalib olmaqla bütün dünyaya nə qədər böyük, yenilməz, dəmir iradəli və müzəffər xalq olduğunu sübut etdi.

 

 

P rezident İlham Əliyev bütün müsahibələrində yalanlarla və yanlışlarla formalaşmış ermənipərəstlikdən, erməni faşizmindən, dünyanı xilas etməkdən ötrü gerçək tarixin üstündən pərdəni götürərək həqiqi tarixi, detallarına qədər xronoloji ardıcıllıqla, özünəxas xüsusi məharətlə şərh etməklə əsl ustad dərsi verirdi. Sanki sözün gerçək mənasında ikinci cəbhədə - informasiya cəbhəsində daha kəskin mövqe nümayiş etdirməklə ermənilərin uydurduqları yalanlarını ifşa etmək də əsas strateji vəzifə idi.

Müharibədə özünü göstərən əsas üstünlüklərimizdən biri də monodövlət olan Ermənistandan fərqli olaraq Azərbaycanın böyük sərvəti, dəyəri olan çoxmillətlilik, çoxkonfessiyalılıqdır. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik, cəsarət göstərərək düşmənlə vuruşda, Azərbaycanın ərazi bütövlüyünün bərpasında rəşadət nümayiş etdirdilər.

Azərbaycanın hər bir mülki vətəndaşı, evi dağılan, malı-mülki məhv olan, yaxın insanını itirən də deyirdi ki, "Vətən sağ olsun!". İrəli, irəli, ancaq irəli! Çünki 30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəsinə mənfi təsir göstərmədi, əksinə, daha da bütövləşdirdi, mətinləşdirdi, gücləndirdi. Bu birlik işğala dözməyərək düşməni torpaqlarımızdan qovmaqla yekunlaşdı. Döyüş meydanında 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri işğaldan azad edildi. Qazandığımız qələbə işğalçıları kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Xalqımız öz haqlı işində - ərazi bütövlüyünün bərpası və doğma torpaqlarının işğaldan azad olunması işində qalib olmaqla bütün dünyaya nə qədər böyük, yenilməz, dəmir iradəli və müzəffər xalq olduğunu sübut etdi.

Bizim şanlı, parlaq və tarixi qələbəmiz noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə zonasında atəşkəsin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında bəyanat imzaladılar.

Üçtərəfli Bəyanat imzalamaqla tərəflər çoxillik qarşıdurmaya son qoyulacağını bildirdilər. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər isə siyasi yollarla qaytarıldı.

A zərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarından etdiyi paylaşımlarla informasiya meydanında baş verən proseslərin düzgün yönlənməsinə öz dəstəyini əsirgəmirdi. Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımlarında bildirirdi. Qeyd edirdi ki, "Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk".

"Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır" - deyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müsahibələrində erməni tərəfin məqsədyönlü şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini pozduğunu, hətta əxlaq normalarını tapdaladığını xüsusi qeyd edirdi. Bildirirdi ki, bizim işimiz haqq işidir, ordumuz, əsgər və zabitlərimiz qəhrəmanlıq və igidlik göstərməklə Vətən uğrunda şərəflə döyüşür, öz adlarını Azərbaycan tarixinə yazmaqla əzəli Azərbaycan torpaqlarını işğaldan azad edirlər. Düşmənə layiq olduğu cavabı verməklə öz tarixi missiyalarını şərəflə davam etdirirlər.

M ehriban xanım Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsindəki paylaşımında  dünya birliyini bu hadisələrə laqeyd qalmamağa, beynəlxalq təşkilatları, hüquq-müdafiə strukturlarını və ictimai rəyin liderlərini Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşi amansızlığı kəskin pisləməyə çağırırdı. Həmçinin xalqımızın nümayiş etdirdiyi birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərin böyük qürur hissi yaşatdığını bildirirdi. Bütün paylaşımlarını şəhidlərimizə Allahdan rəhmət diləməklə, xəsarət alanların isə tezliklə sağalması arzusu ilə tamamlayırdı.

Şuşa azad olunanda da Birinci vitse-prezident Mehriban xanım Əliyeva təsvirəgəlməz qürur və sevinc hissləri keçirən xalqımızı təbrik etməklə ürək sözlərini belə ifadə etdi: "Milli birlik, xalqın etimadı, inam və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır!". Ordu, xalq və Prezident birliyinə arzu və niyyətlərini bildirərək paylaşımını dillər əzbəri olan "Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" aforizmləri ilə tamamlamışdı.

Bu gün kiçikdən-böyüyə hamının dilinin əzbəri olan "Qarabağ Azərbaycandır!" ifadəsi artıq bizim qələbəmizin rəmzinə, milli şüara çevrilib.

Birinci vitse-prezident Mehriban Əliyeva tarixi Qələbə münasibətilə olan paylaşımında ərazi bütövlüyünün, tarixi ədalətin bərpa olunması kimi əlamətdar hadisə münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik etdi. Prezidentin rəhbərliyi ilə yaradılan müasir və güclü Azərbaycan Ordusu Ali Baş Komandanının sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi.

Bu Qələbənin möhtəşəmliyinin Azərbaycan dövlətinin tarixində əbədi qalacağını qeyd edən Mehriban xanım həmvətənlərinə xitabən paylaşımı belə yekunlaşdırdı: "Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!".

Bu müharibənin bir çox həqiqətləri sübut etdiyi bildirilən paylaşımda dünyadakı bütün dostlarımıza minnətdarlıq edilirdi. Qeyd edək ki, həmin paylaşımda yüksək peşəkarlıq, obyektivlik, qərəzsizlik, operativlik və məsuliyyət sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdıran kütləvi informasiya vasitələrinin nümayəndələrinə də təşəkkür bildirilirdi.

Ermənistan sosial şəbəkələr üzərindən təxribatçı məlumatlar və feyk xəbərlər yaymağa başlayanda kütləvi informasiya vasitələrinin mövcud imkanları ilə ölkəmizdə əhaliyə diqqətli olmaq və dezinformasiyalara inanmamaq, rəsmi məlumatları izləmək tövsiyə edildi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera" telekanalına verdiyi müsahibədə, "The Baltic Course" İnternet jurnalının portalında dərc olunan bəyanatında və Türkiyədə akkreditə olunmuş aparıcı xarici KİV nümayəndələrinə videoformatda verdiyi brifinqdə Ermənistanın silahlı qüvvələrinin atəşkəsi kobud şəkildə pozduğunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri əks-hücum tədbirləri gördüyünü qeyd edirdi.

Daha sonra Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı "TRT World"a, İsrailin nüfuzlu "İ24 NEWS" kanalına, "Al Arabiya" kanalına, "Russia Today Arabic" kanalına, "GEO TV" kanalına, "Sky News Arabia" televiziya kanalına, İtaliyanın nüfuzlu "Askanes" xəbər agentliyinə, İspaniyanın "EL MUNDO" qəzetinə verdiyi müsahibələrdə Hikmət Hacıyev qeyd edirdi ki, Ermənistan Azərbaycanın torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib. İşğal olunmuş ərazilərdə bəşəri cinayətlər və qırğınlar, etnik təmizləmə törədib, mədəni və dini abidələrimizi dağıdıb. Bunlar azmış kimi, bu ərazilərin ilhaqına cəhd edir. Bütün dünya dövlətlərinə aid olan müqəddəs prinsip - ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü də dünya tərəfindən tanınır. Bizim də əsas hədəfimiz işğala son qoymaqdır. Azərbaycanın Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir.

Xarici medianı diqqətlə izləyən Prezident köməkçisi erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə fondlarının döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan ordusuna maliyyə vəsaitləri cəlb etdiyini bildirməklə qeyd edirdi ki, bu vəsaitlər Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara səbəb olacaq. Bu xüsusda BMT-nin üzv dövlətlərini erməni terrorizminin maliyyələşməsinin qarşısını almağa çağırırdı.

 

Azərbaycan Ordusu 44 gündə düşmənin onilliklərlə qurduğu mürəkkəb, mərhələli, “keçilməz” müdafiə istehkamlarını, çətin relyef şəraitini aşaraq əsl peşəkarlıq, məharət, yenilməz iradə, əzm, Vətənə sonsuz məhəbbət və fədakarlıq nümayiş etdirməklə qələbə əldə etdi və xalqımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə apardığı qısamüddətli Vətən müharibəsi dünya hərb elmində “Əsrin müharibəsi” adını qazandı.

 

N oyabrın 10-da kapitulyasiya aktı imzalandıqdan bir müddət sonra Hikmət Hacıyev xarici jurnalistləri işğaldan azad olunmuş ərazilərə səfərlərdə müşayiət edərkən bildirdi ki, bu səfərlər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilir, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirildikdən sonra sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

Müxtəlif telekanalların, aparıcı informasiya agentliklərinin işğaldan azad olunmuş ərazilərdən hazırlanan reportajlarında və müsahibələrində Ermənistanın insanlığa qarşı törətdiyi müharibə cinayətləri, vandalizm aktları, dağıdıcı fəaliyyəti, heç bir bina və infrastruktur saxlanılmadığı, hətta bütün bu ərazilərin minalandığı xüsusilə diqqətə çatdırılırdı. Bu da öz növbəsində xarici dairələrdə formalaşmış ermənipərəstliyin illüziya olduğunu sübut etmək üçün ən yaxşı nümunə idi.

Hikmət Hacıyevin müsahibələrinin dünyanın əksər ölkələrinin qəbul etdiyi, aparıcı telekanalların, informasiya agentliklərinin verilişlər yayımladığı dildə olması kadrlararası və sözardı şərhlərə ehtiyac yaratmırdı. Bu da məlumatın beynəlxalq arenaya tərcüməsiz və obyektiv çatdırılmasına xidmət edirdi.

“Ağıllı yurd”lara qayıdış

Hərb meydanında müzəffər sərkərdəliyi ilə ermənilərin yaratdığı mifləri, şəri gerçəkliyin, xeyirin gücü və sadaladığımız amillərin köməyi ilə qısa müddətdə darmadağın edərək xalqını qalib edən Prezident İlham Əliyev informasiya meydanında da qələbəni təmin etdi. Hərb meydanındakı zəfər ikinci cəbhədəki - informasiya meydanındakı inamı, güvəni və qalibiyyəti motivasiya etməklə, hərəkətverici qüvvə oldu.

Azərbaycan Ordusu 44 gündə düşmənin onilliklərlə qurduğu mürəkkəb, mərhələli, “keçilməz” müdafiə istehkamlarını, çətin relyef şəraitini aşaraq əsl peşəkarlıq, məharət, yenilməz iradə, əzm, Vətənə sonsuz məhəbbət və fədakarlıq nümayiş etdirməklə qələbə əldə etdi və xalqımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə apardığı qısamüddətli Vətən müharibəsi dünya hərb elmində “Əsrin müharibəsi” adını qazandı.

Vətən müharibəsi xalqımızın Qarabağ həsrətinə son qoymaqla, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə, “ağıllı” kəndlər, şəhərlər, qəsəbələr salınmasına başlamaq üçün stimul yaratdı. Artıq Böyük Qayıdış başlayıb. Necə deyərlər, “Əsrin müqaviləsi”ndən “Əsrin müharibəsi”nə və nəhayət, “Ağıllı yurd”lara...

Hümbət MUSAYEV.