Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı

Ağstafa rayonu 24 yanvar 1939-cu ildə yaradılmışdır. Rayon  1959-cu ildə ləğv edilərək Qazax rayonuna birləşdirilmiş, 1990-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yenidən müstəqil rayon olmuşdur. Ağstafa rayonu Azərbaycanın şimal-qərb hissəsində Böyük Qafqazın ətəkləri, Gəncə-Qazax maili düzənliyində yerləşir. Səthi əsasən düzənlikdir. Cənub-qərb, şimal-şərq hissələri (Yaylacıq silsiləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır. Şərq hissəsi Ceyrançöl düzüdür. Cənub hissəsində ən yüksək zirvənin hündürlüyü 1083 metrdir. Kür çayı Ağstafa rayonunun ərazisindən keçir, Candar gölü də rayonda yerləşir.

Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı 1964-cü ilin fevral ayında (Qazax rayonu) indiki Ağstafa rayonunun Qarayazı meşələrinin ərazisində yaradılmışdır. Sahəsi 11970 hektardır. Yasaqlığın fauna və flora aləmi çox zəngindir. Ərazinin iqlimi sərt qış və isti yayla xarakterizə olunur. İllik yağıntının miqdarı 350-700 millimetrdir. Təbii landşaft sahələri əsasən tuqay meşələrindən, qarışıq meşə və kolluqlardan, ot və kol bitkilərindən ibarət açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir.

Yasaqlığın ərazisi düzənlik, dağ-şabalıdı, dağ-boz qəhvəyi, açıq-şabalıdı torpaqlardan ibarətdir. Yovşanlı-şoran otlu yarımsəhra və çöl bitkiləri, Kür çayının sahilləri boyu söyüd, yulğun, böyürtkən, çaytikanı və adi zirinc kollarından ibarət pöhrəliklərə təsadüf edilir. Ondan sonrakı sıranı ağyarpaq qovaq, titrək qovaq, qara qovaq, ağ tut və müxtəlif söyüd növlərindən ibarət tuqay meşələri tutur. Ağaclar ağəmsə, hüyəmə, mərəvcə, meşəüzümü kimi sarmaşan bitkilərlə sarınmışdır. Böyürtkən, adi birgöz, yulğun, adi nar keçilməz meşəaltı sahə yaradır. Bəzi yerlərdə meşə çoxyaruslu struktura malikdir. Birinci sıra hündürlüyü 20-25 metrə çatan qovaq ağacları, ikinci sıra 12-15 metr hündürlüyə malik söyüd və tut ağacları və üçüncü sırada hündürlüyü 7-8 metr olan yemişan və qarağacdan ibarətdir. Burada hündürlüyü 35-40 metrə, gövdəsinin diametri 2,5 metrə çatan nəhəng ağaclar vardır.

Ərazinin yovşanları zəngin flora müxtəlifliyinə (190 cinsə aid olan 300-ə yaxın borulu bitki növü) malikdir. Ot örtüyü sıx olub, əsasən, topal, ətirşah, dalamaz, gicitkan, dilqanadan və yabanı kök növlərindən təşkil olmuşdur. Meşəaltı zona müxtəlif növ yemişan, adi zirinc, zoğal, əzgil, qaratikan kollarından ibarətdir.

Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığının ərazisi heyvan və quşlarla zəngindir. Burada qaban, çöl siçanı, boz dovşan və s. məskunlaşıb. Yırtıcılardan ayı, canavar, tülkü, porsuq, meşə pişiyi, çaqqal və digər heyvanlara daha çox rast gəlinir. Quşlardan qırqovul, turac, göyərçin, alabaxta, su fərəsi, yaşılbaş ördək, qaşqaldaq, hop-hop, ağacdələn, bildirçin, kiçik ağvağ və başqa növ quşlar vardır.

Kamil İSMAYIL,

"Respublika".