Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

2 noyabr 2020-ci il

Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

***

Saat 00:30-dan 02:25-dək  cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 4 ədəd BM-21 Qrad qurğusu və Tərtərin Çardaqlı kəndi istiqamətində isə 1 ədəd "KUB" zenit-raket kompleksi məhv edilib.

***

Ermənistanın Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin darmadağın edilməsindən sonra, demək olar ki, düşmən buradakı bütün yaylım atəşli reaktiv sistemlərini də itirib. Bildirilib  ki, Ermənistanın Qarabağdakı reaktiv artilleriya vasitələrinin təxminən 75 faizi Azərbaycan ordusu tərəfindən məhv edilib.

***

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Twitter" hesabında bildirib.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) cəbhəyə yardım göndərib. Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib ki, Türk Şurası Azərbaycanın yanındadır: "Bu gün Türk Şurası olaraq can Azərbaycandayıq. Özbəkistan, Qırğızıstan, Türkiyədən olan nümayəndələr bu gün buradadır. Qazaxıstan isə tədbirə videokonfransla qoşuldu. Bura can Azərbaycanla həmrəyliyimizi göstərmək üçün gəldik. Türk Şurası azərbaycanlı qardaşlarımıza dəstək olaraq zəruri tələbat mallarını cəbhəyə göndərib".

***

Saat 15:48 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonunun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulub.

***

"Üç dəfə Ermənistana şans verildi. Baxmayaraq ki, bizim Ordumuz uğurlu əməliyyat keçirirdi. Buna baxmayaraq, beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq, üç dəfə biz atəşkəslə bağlı razılığa gəldik". Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib: "Üç dəfə də Ermənistan bunu kobudcasına pozub. Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu, üçüncü dəfə isə Bərdəyə "Smerç" raketi ilə atəşin açılması və onun nəticəsində 21 insan həlak oldu və 70 insan yaralanmışdı. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdu. Bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq", - Prezident əlavə edib.

"Respublika".