Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

 Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Müqəddəs Roma imperiyasının yaranması"nı oxuculara təqdim edirik.

“Respublika”.

 

Müqəddəs Roma imperiyasının yaranması

Dünya tarixində elə olaylar baş verib ki, bəşəriyyətin taleyində böyük rol oynayaraq  gələcək həyatı müəyyən edən mühüm hadisələrin başlanğıcının əsasını qoyub. Bu hadisələrin nəticəsidir ki, tarix bəzən real gedişindən çıxıb, yeni inkişaf yoluna yönəlib, müasir vəziyyət formalaşıb.

Müqəddəs Roma imperiyasının yaranması da belə hadisələrdən biri olaraq tarixin axarını dəyişdirmiş və bəşəriyyətin təkamülü prosesində müstəsna rol oynamışdır. Dünya düzəninin dəyişməsinə səbəb olan bu hadisə əsasən feodalizmin inkişafına təkan verməklə tarixdə iz buraxmışdır.

Əsası Şimali  Roma ilə birlikdə Orta İtaliyanı özünə tabe etmiş alman kralı I Otton tərəfindən qoyulmuş bu imperiya (962 - 1806; XV əsrdən "Alman millətinin "Müqəddəs Roma imperiyası") Çexiyanı, Burqundiya və Niderlandı, İsveçrə torpaqlarını və s. əraziləri  əhatə edirdi.

Qərbdə Roma imperiyasının tədricən tənəzzül etməsi onu erkən orta əsrlərin qaranlığına qərq etmişdi. Dağıdıcı müharibələr və epidemiyalar əhalisinin azalmasına səbəb olaraq   bəzi bölgələrinin boşalmasına gətirib çıxarmışdır. Bu boşluqdan istifadə edən almanlar  Romaya  qarətçi hücumlar etməyə başlamışdılar. Lakin onlar əvvəllər yalnız bununla kifayətlənsələr də, sonralar, yəni V əsrdə  imperiyanın ərazisini işğal edib, orada məskunlaşmağa başladılar.  Qərb qotları (Ost Qotlar) İspaniyada, şərq qotları (vest qotlar) İtaliyada, franklar Qalliyada, anqlar və sakslar Britaniyada, Vandallar Şimali Afrikada məskunlaşaraq krallıqlar yaratmışdılar.

Bu səbəbdən də zəifləmiş Roma imperiyası barbarların hücumuna davam gətirə bilmədiyi üçün get-gedə  tənəzzülə uğradı və  feodal münasibətləri  yaranmağa başladı. Beləliklə, alman tayfaları ibtidai icma quruluşundan birbaşa feodalizmə keçdilər.

Frank tayfalarından birinin başçısı Xlodvik (481-511)  Roma canişininin idarə etdiyi Qalliyanı çoxdan zəbt etmək istəyirdi. O, 486-cı ildə Suasson şəhəri yaxınlığındakı vuruşmada Roma canişininin qoşununu məğlub edərək Qalliyanın bir hissəsini ələ keçirdi. Suasson döyüşünün nəticəsində Roma canişini məğlub oldu və  Qalliya torpaqlarının çoxu əyanların əlinə  keçdi. Xlodvik isə Roma imperatorlarına məxsus olan torpaqlara sahib oldu. Təqribən 500-cü ildə isə  franklarda dövlət yarandı və Xlodvik özünü kral elan etdi.

Franklarda asılı kəndli təbəqəsi Qalliyanın əsarət altına salınmış yerli əhalisindən, azad icma üzvlərindən, qullardan və kolonlardan ibarət idi. Kral geniş ərazilərə hakim — qraflar təyin edirdi. Qraflar isə vergi toplayır, döyüşçü dəstələrinə başçılıq edirdilər. Daha sonralar isə Böyük Karlın (768-811; Carolus Magnus) dövründə Frank dövləti ən qüdrətli dövlətə

çevrildi və ərazisi daha da genişləndi. Böyük Karl İtaliyanın çox hissəsini zəbt edərək öz torpağına qatdı. Pireney dağlarından cənubdakı kiçik bir vilayəti də işğal edən Karl franklardan şimal-şərqdə Reyn və Elba çayları arasında yaşayan sakslara 8 dəfə hücum etdi. Onlara qarşı 30 il müharibə apardı və tayfaların bir hissəsini xristianlaşdırdı, qalanlarını isə Qalliya və Almaniya ərazisinə köçürdü.

800-cü ildə isə İtaliyaya gələn Böyük Karl özünü imperator elan etdi. Roma papası onun başına qızıl tac qoydu. Böyük Karl dövründə Qərbi və Mərkəzi Avropanın bir hissəsi Frank imperiyasının tərkibinə daxil edildi.

Böyük Karl hərbi islahatlar keçirməyə başladı. Həmin islahatdan sonra azad kəndli təbəqəsi  hərbi xidmətdən azad edildilər. Çünki kəndlilərin orduda xidmət etməsi üçün yaraq-yasaq almağa imkanları yox idi. Bundan sonra qoşun iri torpaq sahiblərindən ibarət oldu. İmperator döyüşçülərə kəndlilərlə birlikdə torpaq paylayırdı. Hərbi xidmət başa çatdıqdan sonra torpaq imperatora qaytarılırdı. Lakin sonralar bu torpaq irsən keçməyə başladı. Bu cür torpaq mülkü feod, torpaq sahibi isə feodal adlanırdı. Feod irsi keçən torpaq mülkü idi. O, hərbi xidmət əvəzində verilirdi. Qeyd edək ki, Böyük Karl imperiyası V-IX əsrlərdə mövcud olmuş ilk feodal dövləti idi. Zaman keçdikcə bu mülkiyyət sistemi bütün Avropaya yayılmağa başladı.

Feodalların torpaq üzərində mülkiyyəti möhkəmləndikdən sonra Frank imperiyası zəifləməyə başladı.  843-cü ildə Böyük Karlın ölümündən sonra onun varisləri arasında aramsız müharibələr baş verdi. Sonradan, Böyük Karlın üç nəvəsi - Daz Karl, almaniyalı Lüdoviq və Lotar Verdendə Frank imperiyasının üç yerə bölünməsi haqqında müqavilə bağladılar. Bu müqaviləyə əsasən, imperiyanın Şelda, Maas və Reyn çayından qərbdəki ərazisi Qərbi Frank Krallığı adı altında Daz Karla, Şərqi Frank krallığı adı ilə isə Alp dağlarından şimaldakı və Reyn çayından şərqdəki torpaqlar almaniyalı Lüdoviqə verildi. Reyn boyu torpaqlara -Qərbi və Şərqi Frank krallıqları arasındakı əraziyə, həmçinin İtaliyaya isə Lotar yiyələndi. Bu ərazilərdə Fransa, Almaniya, İtaliya krallıqları yarandı. Beləliklə, Qərbi Avropada IX-XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı. Əvvəllər frank əyanları Böyük Karlı müdafiə edirdilər. Çünki Böyük Karl müharibələr yolu ilə əyanlara çoxlu torpaq və kəndli verirdi. Lakin əyanlar varlanandan sonra isə imperator hakimiyyətinə tabe olmadılar. Beləliklə, natural təsərrüfat, torpaq üzərində feodal mülkiyyətinin möhkəmlənməsi, mərkəzi hakimiyyətin zəifləməsi və nəticədə feodal mülklərinin müstəqil dövlətlərə çevrilməsi feodal dağınıqlığının meydana gəlməsinə səbəb oldu.

Fransada 14 feodal mülkü mövcud idi. Bunların bəzisi kraldan güclü və varlı idi. Bu iri feodal mülkləri öz növbəsində xırda mülklərə parçalanırdı. Fransadan fərqli olaraq Almaniyada kral hakimiyyəti möhkəm idi. Bu səbəbdən də 962-ci ildə Almaniya kralı I Otto (936-973) İtaliya və Romanı işğal edərək Müqəddəs Roma imperiyasını yarada bildi. Bu vaxtdan etibarən təkcə Şimali və Mərkəzi İtaliya deyil, Roma papaları da Almaniya imperatorundan asılı vəziyyətə düşdülər. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.

Özünü Böyük Karlın davamçısı hesab edən I Ottonun imperator təyin edilməsi nəticəsində "imperator" titulu yenidən canlandı və imperiyanın mövcudiyyətini qoruduğu növbəti səkkiz əsr boyunca davam etdi. Bəzi tarixçilər imperiyanın başlanğıcı kimi Böyük Karlın tacqoyma tarixini, bəziləri I Ottonun hakimiyyətə gəlməsini  qəbul edirlər.

Bu imperiya erkən orta əsrlər ərzində inkişaf etməyə başlamış və 1806-cı ildə Napoleon müharibələri dövründə süquta uğramasına qədər Qərbi və Mərkəzi Avropa regionlarında mövcud olmuş çoxmillətli imperiya idi. 962-ci ildən sonra imperiyanın ən böyük ərazisi Almaniya krallığı hesab olunsa da, imperiyanın ərazisinə Bohemiya krallığı, Burqundiya krallığı, İtaliya krallığı və bir çox başqa ərazilər də daxil idi.

Müqəddəs Roma imperatoru ənənəvi olaraq səsvermə ilə seçilsə də, tez-tez imperiyaya daxil olan sülalələrin nəzarəti altında müəyyənləşirdi. Adətən imperiyanın ən yüksək rütbəli zadəganları olan alman şahzadələrindən biri "Romalıların kralı" seçilirdi və həmin seçilmiş şəxs sonradan Papa tərəfindən imperator təyin olunurdu. Qeyd edək ki, Papa tərəfindən tacqoyma mərasimi XVI əsrə qədər davam etmişdir.

İmperiya ilk dövrlərdə sadəcə Roma imperiyası adlandırılsa da, 1157-ci ildən etibarən onun adına imperator I Fridrix Barbarossanın hakimiyyəti illərində  "Müqəddəs" termini də əlavə olunmuşdur. Terminin istifadə olunmasındakı əsas məqsəd isə imperator Fridrixin

İtaliya və Papalıq ərazilərinə də hökmranlıq etmək istəyindən qaynaqlanmışdır. Lakin  "Müqəddəs Roma İmperiyası" adı rəsmi olaraq 1254-cü ildən etibarən təsdiqlənmişdir.

1512-ci ildə Köln reyxstaqının qəbul etdiyi qərara əsasən isə imperiyanın adı "Alman xalqının Müqəddəs Roma İmperiyası" formasını almışdır. İmperiyanın adının bu formasından ilk dəfə 1474-cü ilə aid sənədlərdə istifadə olunmuşdur. Bu yeni titul qəbul edildikdə imperiya artıq İtaliya və Burqundiya ərazilərinin çox hissəsini itirmişdi. XVIII əsrin sonlarından etibarən "Alman xalqının Müqəddəs Roma İmperiyası" termini rəsmi şəkildə istifadə olunmurdu. Bundan başqa, bu məsələ ilə əlaqədar olaraq ənənəvi görüşə qarşı çıxan Herman Veyzert bir çox dərs kitabındakı məlumatlara baxmayaraq, "Alman xalqının Müqəddəs Roma İmperiyası" adının heç vaxt rəsmi statusa sahib olmadığını bildirirdi. Bu və ya daha qısa formada "Alman xalqının Roma İmperiyası" adı tez-tez Almaniyada Müqəddəs Roma İmperiyasına istinadən istifadə olunurdu.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".