Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Gələcəkdə bu cür görünə bilərik

Üç mininci ildə  yaşayacaq insanların zahiri görünüşü ilə bağlı təkamülü ortaya qoyan  maraqlı bir araşdırma aparılıb. "Toll Free Forwarding" adlı qurumun mühəndisləri   tərəfindən hazırlanmış gələcəyin insan modeli təqdimat mərasimində ictimaiyyətə nümayiş etdirilib.

Son dövrlər xüsusilə  texnologiya ilə  yaxından təmasın insanların bədənində çox ciddi dəyişikliklərə yol açacağını  təxmin edən mütəxəssislər ortaya qeyri-adi görünüşə sahib  "Mindy" adlı maraqlı bir insan modeli çıxarıblar. Alimlər davamlı olaraq ağıllı telefonlardan istifadənin insanların bədən quruluşunda bəzi dəyişikliklərə səbəb olacağını iddia edirlər. Mütəxəssislər üç mininci ilə qədər insanların onurğa sütununda əyilmə,  barmaqlarının isə get-gedə heyvan pəncəsinə bənzər bir forma alacağını təxmin edirlər. 

"İşə başlamazdan əvvəl insanların bu gün necə hərəkət etdiyini və gələcəkdə bunun  fiziki olaraq hansı dəyişikliklərə səbəb ola biləcəyini araşdırdıq. Mütəmadi olaraq telefondan istifadənin  dirsəyə təzyiq etməsi həmin nahiyənin əyilməsinə  səbəb ola bilər. Davamlı olaraq ağıllı cihazlara baxmaq isə onurğa sütunundakı deformasiya ilə yanaşı, boynun da qalınlaşmasına yol açaçağını göstərir",-deyə tədqiqatçılardan dr. Nikola Djordjevic qeyd edib.

Bundan əlavə, mütəxəssislər gələcək insanın kəllə sümüyünün daha qalın olacağını, beyninin isə getdikcə kiçiləcəyini iddia edirlər. Həmçinin  ağıllı cihazların işığına məruz qalan gözlərdə isə ikinci bir göz qapağının da əmələgəlmə ehtimalı yüksəkdir.

İnformasiya "Sözcü" qəzetində dərc edilib.

 

Dünyanın ən “ağıllı”  ayaqqabısı

Sürətlə gəzməyi sevən və daim tələsən insanlar  üçün ağıllı ayaqqabı hazırlanıb. Pittsburqda fəaliyyət göstərən "Shift Robotics" şirkəti tərəfindən hazırlanan Moonwalker adlı elektrikli, təkərli, "ağıllı" ayaqqabılar "Dünyanın ən sürətli ayaqqabısı" adına  layiq görülüb.

Normadan 2,5 dəfə  çox sürətli yeriməyə imkan verən "ağıllı" ayaqqabı,  ilk baxışdan təkərli konkiyə bənzəyir. Açılıb-yığılan  dizayna malik yeni məhsul, gündəlik geyilən ayaqqabılara bərkidilərək normal yerimə hərəkətinə mane olmur. Səkkiz ədəd motorlu təkəri sayəsində isə  daha çox sürət vəd edir.

Videogörüntüləri təqdim edilən təkərli ayaqqabılar elmi-fantastik filmlərdəki məhsulları xatırladır. Çəkisi 2 kiloqram olan məhsulun maksimal sürəti   saatda 11 kilometrdir.

Ayaqqabılar normal insan  hərəkətlərinə uyğunlaşmaq üçün  xüsusi olaraq  proqramlaşdırılıb. Belə ki, elektron əyləc sistemi ilə təchiz olunmuş cihaz zərurət yarandıqda, məsələn, pilləkənləri qalxarkən təkərləri kilidləyir. Bundan əlavə, əyləc sağ ayağın müəyyən hərəkətləri vasitəsilə çalışmağa başlayır. Məhsulun istifadə qaydası ilə  bağlı təlimat videosu da alıcıya təqdim edilir.

Qeyd edək ki, gələcəkdə satışa çıxarılacaq ağıllı ayaqqabının dəyəri 200.000 dollar nəzərdə tutulur.

İnformasiya muhalif.com.tr veb saytında yayımlanıb.

 

Marsda həyata dair dəlil tapılıb

Elm adamları Marsın səthinin dərinliyində Konan adlı qədim bakteriya növü tapıblar. Onlar müəyyən ediblər ki, bu mikroorqanizm  planetin səthinin 10 metr dərinliyində  təxminən 280 milyon il yaşaya bilər. Bu isə Qırmızı planetdə həyatın düşünüldüyündən daha əvvəl mövcud ola biləcəyini  göstərir.

"Astrobiology" elmi jurnalında dərc olunan yeni araşdırmaya görə, qədim bakteriyalardan biri  hesab edilən Konan bakteriyası (Deinococcus radiodurans) Marsın səthinin dərinliyində düşünüldüyündən  daha uzun müddət yaşamış ola bilər. Bu Qırmızı planetlə bağlı  nəzərdə tutulmuş "ExoMars", "Mars Life Explorer" və "Perseverance" kimi  tədqiqat missiyaları üçün sevindirici xəbərdir. 

Ən son araşdırma zamanı  quraqlıq, donma və simulyasiya edilmiş kosmik radiasiyanın altı müxtəlif növ mikroorqanizmə təsiri sınaqdan keçirilmişdi. Qeyd edək ki, bütün bunlar Qırmızı planetin mühitini laboratoriya şəraitində təqlid etmək məqsədilə edilmişdi.          

“Əgər keçmişdə Marsda həyat olsaydı,  makromolekullar və viruslar  uzun müddət öz mövcudluğunu qoruyardı. Bu tapıntı Marsda həyatın varlığı ilə bağlı bütün  ehtimalları gücləndirir",- deyə tədqiqat müəlliflərindən biri  Maykl Dali qeyd edib.

Marsın səthində və onun altında tapılan mikrobları  müxtəlif səviyyələrdə radiasiyaya məruz qoyan tədqiqatçılar bu  orqanizmlər içərisində Konan bakteriyasının son  dərəcə davamiyyətli olduğunu ortaya çıxarıblar. Yer üzündə məlum olan ən qədim fosillərin təkamülünə əsaslanan elm adamları Marsda həyata dair qalıqların  qurumuş çay deltası olan Jezero krateri kimi ərazilərdə tapıla biləcəyini düşünürlər. Bu səbəbdən də hazırda NASA-nın "Perseverance" missiyasının tədqiqat robotu qədim mikroblara dair dəlil tapmaq ümidi ilə sözügedən deltadan qaya nümunələri toplamaqdadır. Daha sonra isə  bu nümunələrin Yerə gətiriləcəyi nəzərdə tutulur.

 

İnsanabənzər robot artıq yeriyə də biləcək

İnsanabənzər robotlar içərisində dünyanın ən qabaqcıl  robotlarından biri hesab edilən Ameca yeni funksiyası ilə ictimaiyyətə təqdim edilib. Belə ki, insanabənzər üz ifadələri və hərəkətləri ilə diqqətçəkən robotun tezliklə yeriyə də biləcəyi açıqlanıb.

Məlumat üçün qeyd edək ki,  2022-ci ilin yanvar ayında Britaniyanın "Engineered Arts" şirkəti tərəfindən hazırlanan Ameca üz ifadələrində jestlər və mimikalardan istifadə edərək  insanabənzərliyi  ilə ictimaiyyətin marağına səbəb olmuşdu. YouTube kanalında suallara cavab verən robot lovğalanaraq bir ildən az  müddətdə yeriyə biləcəyini  açıqlamışdı.

Mühəndislər robotun ayaqlarının prototipinin  alüminium və plastikdən hazırlandığını bildiriblər. Həmçinin çox enerji sərf etmədən yeriməyə imkan verən bu ayaqlar  unikal mexaniki xüsusiyyətlərə  malikdir.

Reportaj zamanı Ameca  ketçupdansa mayonezə üstünlük verdiyini və fəsillər içərisində isə ən çox sevdiyi fəslin payız olduğunu açıqlayıb. Videonu izləyən bir çox insan robotun insana bənzərliyinə heyran qaldıqlarını yazıb. İzləyicilərdən biri isə belə yazıb: “Süni zəkadan qorxmalı olduğumuzu bilirəm, lakin ilk dəfədir ki, onun bu qədər şən olması və pozitivliyi məni qorxutmur".

"Gələcəyin robot texnologiyalarını inkişaf etdirmək üçün  xüsusi  hazırlanmış və qabaqcıl  dizayna malik Ameca, insan-robot qarşılıqlı əlaqəsi baxımından  mükəmməl bir  platformadır"-şirkətin veb saytında bildirilib.

Qeyd edək ki, hələ də inkişaf mərhələsində olan  robotun neçəyə başa gələcəyi açıqlanmayıb.

İnformasiyanı techxplore.com veb saytı yayıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".