Sağlam həyat
Maraqlı

Sağlam həyat

Diabetin tənhalıqla əlaqəsi var imiş...

Amerikalı elm adamları diabetlə bağlı qeyri-adi faktı ortaya çıxarıblar. Belə ki, ABŞ-ın Con Hopkins Universitetinin alimləri tənhalığın diabetə səbəb ola biləcəyini sübut ediblər.

Tədqiqatda 17 mindən çox 70 yaş arası könüllü iştirak edib. Alimlər psixoemosional durumun diabetin yaranmasında təsirini öyrəniblər. Onlar iştirakçıların ailə durumu, sağlamlıq və qida məlumatlarını təhlil edib. Respondentlərin 14 faizi özlərini subay, ayrılmış və sevgilisiz olduğu üçün bədbəxt, 8 faizi isə cəmiyyətdən təcrid edilmiş hiss etdiklərini söyləyib. Nəticədə açıqdərili insanlarda daha çox preddiabet (şəkərə meyillilik), tünd dərililərdə isə diabet aşkarlanıb.

Qadınlarda sosial təcridolma preddiabet riskinin 60, 2-ci tip diabetin isə 112 faiz artmasına səbəb ola bilir. Sosial əlaqələri məhdud olan kişilərdə isə 2-ci tip diabetə 42 faiz daha çox rast gəlinir. Alimlər hesab edirlər ki, ünsiyyət dairəsinin geniş olması sağlamlıq üçün çox faydalıdır. Onlar ailənin, həyat yoldaşı və partnyorun olmamasının ümumilikdə digər sağlamlıq problemlərinə də səbəb ola biləcəyini söyləyirlər.

Mütəxəssislərin fikrincə, uzun müddət tənha qalmaq insanları qapanmağa, az hərəkət etməyə və zərərli qidalar yeməyə təhrik edir ki, bu da diabet riskini artırır. Araşdırmanın nəticələri tənhalığın, həmçinin digər sağlamlıq problemlərinə də yol aça biləcəyini göstərir.

Baş ağrılarından əziyyət çəkənlərin nəzərinə

Almaniyalı elm adamları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, bir çox insanın tez-tez kabusuna çevrilən baş ağrıları boyun nahiyəsində əmələ gələn iltihabdan qaynaqlana bilər. Bu barədə "Sözcü" veb saytı məlumat yayıb.

Araşdırmaya mütəmadi olaraq baş ağrısından əziyyət çəkən 20-31 yaş arası 50 insan cəlb edilib. Ağrının mənbəyinin müəyyən edilməsi üçün onlar MRT müayinəsindən keçirilib. İştirakçılardan 16-da gərginlik tipli baş ağrıları, 12-də isə miqren hücumlarının olduğu müəyyən edilib. Qalan 22 nəfər isə nəzarət qrupuna daxil edilib. Xəstələr müayinə olunarkən onların boyun və çiyin nahiyələrində yüksək dərəcəli T2 siqnallarının olduğu aşkar olunub. Qeyd edək ki, sözügedən siqnallar xəstələrin məhz baş və boyun ağrıları ilə üzləşdiyi günlərdə müşahidə olunub.

Elm adamları bu siqnalların iltihab səbəbindən müəyyən əzələlərin aktivləşdiyi zaman yüksəldiyini güman edirlər. Onlar boyundakı iltihabın zədə və stres nəticəsində yarandığını, bunun da başda ağrılara səbəb olduğunu düşünürlər. Tədqiqatçılar bu tapıntının birbaşa boyunu hədəf alan yeni müalicələrə yol açacağına ümid edirlər.

Ətdən imtina ömrü uzadır?

Gündəlik qida rasionunda ətin özünəməxsus yeri var, onun orqanizm üçün faydası çoxdur. Ən əsası, o yeni qan hüceyrələrinin yaranmasına səbəb olur ki, bu da beyin qan dövranını və həzm sistemini yaxşılaşdırır. Ancaq bəzi insanlar bu məhsuldan könüllü şəkildə imtina edərək vegeterianlığın ömrü uzadacağına inanırlar. Bu yaxınlarda aparılan yeni araşdırmanın nəticələri isə bunun heç də belə olmadığını göstərir. Belə ki, ABŞ alimləri ətdən imtina etməklə ömrü uzatmaq mifinin doğru olmadığını sübut ediblər.

Oreqan Universitetinin alimləri ətdən imtina edilməsini sağlamlıq üçün təhlükəli hesab edirlər. Araşdırmalar göstərib ki, ət yeməyən insanların beyin fəaliyyəti zəifləyir, bir müddət sonra isə yaddaşsızlıq və göz zəifliyi problemi yaranır.

Uzunmüddətli tədqiqatda 117 min insanın gündəlik qida rejimi və sağlamlığı izlənilib. 18 il ərzində onlardan 39 mininin həyatını itirdiyi müəyyən edilib. Nəticələr göstərib ki, ət yeyənlərlə veqanlar arasında ölənlərin sayı demək olar, eynidir. Eləcə də uzun ömür sürənlər içərisində yalnız vegeterianlar olmayıb.

Tədqiqatçılar hesab edirlər ki, veqanlıq ətraf mühitə, planetə vurulan zərərin qarşısını alsa da, orqanizmə fayda vermir. Bununla yanaşı, mütəxəssislər ətdən qısamüddətli imtina etməyin sağlamlığa zərbə vurmayacağını da qeyd ediblər. Onlar yağlı qırmızı ət əvəzinə, daha çox dietik ət növlərinə üstünlük verməyi məsləhət görürlər.

Yumurta ilə bağlı bu fikir təkzib edildi

Elm adamları yumurta ilə bağlı indiyə qədər olan fikri təkzib ediblər. Belə ki, mütəxəssislər gündə 1 yumurta istehlakının sağlamlığa zərərli olduğunu bildiriblər. Onlar iddia edir ki, hər gün yumurta yemək ürək xəstəliklərinə yol açır.

Tədqiqatçılar hesab edirlər ki, gündəlik qida rasionunda yumurta yerinə bir ovuc qoz-fındıq istehlakı ürək-damar xəstəliklərinin inkişaf və ya ölüm riskini 17 faiz azalda bilər. Ekspertlərin fikrincə, yumurta tərkibindəki yüksək miqdarda xolesterin səbəbindən ürəyə mənfi təsir edir. Qoz-fındıq kimi çərəzlər isə xolesterolu aşağı saldığı üçün yumurtaya alternativ hesab edilir.

Bu tapıntı bitki mənşəli qidaların heyvan mənşəli qidalar əvəzinə yeyildikdə ürək-damar xəstəlikləri, diabet və vaxtından əvvəl ölüm riskinə necə təsir göstərə biləcəyinə dair sübutlardan biridir. Alimlər, eyni zamanda ürək-damar xəstəliklərindən qorunmaq üçün kolbasa, sosis kimi emal edilmiş ət məhsulları əvəzinə, çərəzlərə üstünlük verməyi tövsiyə edirlər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".