DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ HELİKOPTER QƏZASININ ARAŞDIRILMASI BARƏDƏ GÖSTƏRİŞ VERİB

“Bu gün Kiyev vilayətinin Brovarı rayonunda dəhşətli faciə baş verib”. “Report” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 18-də ölkəsinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı açıqlamasında bildirib. Dövlət başçısı hadisə ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis və başqa səlahiyyətli orqanlara hadisənin araşdırılması ilə bağlı göstəriş verdiyini bəyan edib. Ukrayna prezidenti faciə qurbanlarının xatirəsini əziz tutaraq yaxınlarına başsağlığı verib. O, qurbanları Ukraynanın əsl vətənpərvərləri adlandırıb. Brovarı şəhərində helikopterin qəzaya uğramasına görə üç günlük matəm elan edilib.

Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, qəzasının baş verdiyi ərazidə xilasetmə işləri artıq başa çatıb və rəsmi məlumata görə 14 meyit tapılıb. Bundan başqa, qəza nəticəsində 11-i uşaq  olmaqla 25 nəfər yaralanıb.

 

ÇİNDƏN ABŞ-A SƏRT İTTİHAM

“ABŞ-ın Suriyanı talan etməsi kimi rəzillik qarşısında dəhşətə gəlirik”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin ABŞ hərbçilərinin Suriyadan qaçaqmalçılıq yolu ilə neft və taxıl daşıdığını bildirib.

Vanq Vinbinin sözlərinə görə, Suriyanın rəsmi məlumatlarında 2022-ci ilin birinci yarısında bu ölkədə hasil olunan neftin 80 faizdən çoxunun ABŞ qüvvələri tərəfindən Suriyadan qaçaq yolla çıxarıldığı qeyd olunub. “Bu banditizm Suriyada enerji və humanitar böhranı dərinləşdirir. Suriya xalqının yaşamaq hüququ ABŞ tərəfindən pozulur”, - deyə mətbuat katibi vurğulayıb.

Eyni zamanda, Vanq Vinbin iddia edib ki, ABŞ qüvvələri bu ayın əvvəlində də tankerlər və yük maşınları ilə Suriyadan neft və taxıl çıxarıb. Çin rəsmisi həmçinin ABŞ-ın Suriyada “talançılıq” və “oğurluq” yolu ilə on milyardlarla dollar gəlir əldə etdiyini dilə gətirib.

Vanq Vinbin Vaşinqtonu beynəlxalq qanunlara riayət etməyə və neft “oğurluğuna” görə cavab verməyə çağırıb.

 

TÜRKİYƏ QARA DƏNİZDƏKİ YATAQDAN TEZLIKLƏ QAZ TƏDARÜKÜNƏ BAŞLAYA BILƏR

Türkiyənin “BOTAŞ” dövlət şirkəti Filyos zavodundan Qara dəniz qazını qəbul edəcək qaz ölçmə məntəqəsinin tikintisini, eləcə də bu stansiyanı ölkənin milli qazpaylama sistemi ilə birləşdirən 36 kilometr quruda boru kəmərinin çəkilməsini başa çatdırıb. “Trend” agentliyinin məlumatına görə, Türkiyə Qara dəniz şelfindəki Sakarya qaz yatağının işlənməsini aktiv şəkildə davam etdirir.

Verilən xəbərə görə, Sakarya yatağından qaz bu ilin birinci rübündə (martın sonunda) istehlakçılara tədarükə başlayacaq.

Məlumata əsasən, qaz sahildən təxminən 170 kilometr aralıda yerləşən yataqdan xüsusi boru kəməri ilə Filyos zavoduna nəql olunacaq. Birinci mərhələdə stansiyaya 10 milyon kubmetr qaz vurulacaq. Lakin stansiyanın potensialı sutkada 50 milyon kubmetrə çatır. Qaz ölçmə məntəqəsi təxminən bir il ərzində tikilib və artıq ilk sınaqlara hazırdır.

 

BAŞQA PLANETLƏRDƏ HƏYAT AXTARIŞI ÜÇÜN LAZER CİHAZI YARADILIB

Alimlər başqa planetlərdə lazerin köməyi ilə bioloji aktivliyin axtarışı üçün cihaz hazırlayıblar. “Report” xəbər verir ki, bu barədə Merilend Universiteti məlumat yayıb.

Bildirilir ki, təxminən 8 kiloqram ağırlığında olan cihazda həyat əlamətlərini aşkar etmək və materialların tərkibini təyin etmək üçün iki vacib alət - nümunədən az miqdarda materialı götürən impulslu ultrabənövşəyi lazer və kimyəvi tərkibi müəyyən etmək üçün buraxılan şüaların spektrini təhlil edən “Orbitrap” analizator mövcuddur.

Sözügedən cihazın ixtiraçılarından biri  olan Rikardo Arevalo bildirib ki, “Orbitrap” əvvəlcə kommersiya məqsədləri üçün yaradılıb. O deyib: “Siz onları əczaçılıq, tibb və proteomik sənayenin laboratoriyalarında tapa bilərsiniz. Laboratoriyamızdakı alətin çəkisi təxminən 200 kiloqramdır. Səkkiz ilə kosmosda effektiv şəkildə istifadə oluna bilən kiçildilmiş prototipi yarada bildik”.

Qeyd edək ki, yeni cihaz daha böyük sələfləri ilə eyni üstünlüklərə malikdir və kosmik tədqiqatlar, planet materiallarının yerində təhlili üçün optimallaşdırılıb.

 

TÜRKİYƏDƏ SEÇKİLƏR MAYIN 14-də KEÇİRİLƏ BİLƏR

Türkiyədə növbəti prezident və parlament seçkiləri may ayının 14-də keçirilə bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki toplantısında çıxışı zamanı qeyd edib.

Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, mərhum Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdır.

Daha sonra Ərdoğan əlavə edib: “Millətimiz 73 il sonra bir daha eyni gün çevriliş həvəskarlarına “Bəsdir!” deyəcək”.

Xatırladaq ki, Türkiyədə bu seçkilərin vaxtı iyunun 18-ə təyin olunmuşdu. Lakin dövlət rəsmiləri həmin tarixdə vətəndaşların müəyyən hissəsinin tətildə olacağı səbəbindən səsvermənin vaxtının irəli çəkilməsinin zəruriliyini vurğulamışdılar.

Eyni zamanda, dəfələrlə bildirilib ki, səsvermə tarixinin dəyişdirilməsi “növbədənkənar seçki” anlayışına gəlməməlidir.

 

ABŞ YUNANISTANDAKI HƏRBİ BAZASINI GENİŞLƏNDİRƏCƏK

ABŞ Yunanıstanın Larisa şəhəri yaxınlığındakı hərbi bazasını Avropa-Afrika Hərbi Hava Qüvvələrinin Baş Qərargahına çevirərək genişləndirəcək. “Report” xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın bu ölkədəki bazası qitələrarası hərbi qərargaha çevriləcək. Bununla da Cozef Bayden administrasiyası Balkan yarımadasından Yaxın Şərq regionuna qədər geniş ərazilərə nəzarət etmək niyyətindədir.

Məlumata əsasən, ABŞ pilotsuz uçuş aparatlarının  yerləşdirildiyi Larisa yaxınlığındakı hərbi bazada ötən ilin noyabrından bəri tikinti işləri aparılır. Gələcəkdə buraya döyüş təyyarələrinin də yerləşdiriləcəyi iddia olunur.

Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi bu baza üçün 33 milyard dollar xərcləyib.

 

ÜST RƏHBƏRİNDƏN VƏRƏMƏ QARŞI YENİ VAKSİNLƏRİN HAZIRLANMASI ÇAĞIRIŞı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünya ictimaiyyətini vərəmə qarşı yeni vaksinlərin hazırlanmasını sürətləndirməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, baş direktor bu barədə Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, ÜST rəhbəri xatırladıb ki, hazırda mövcud olan lisenziyalı vərəm peyvəndi 100 il əvvəl yaradılıb. Onun fikrincə, beynəlxalq ictimaiyyət pandemiyadan dərs almalıdır. “BSJ peyvəndi ilə müqayisədə daha effektli peyvəndlər üzərində iş geridə qaldığı halda, koronavirusa qarşı peyvənd sürətlə əldə edilib. Hazırda 16 peyvənd üzərində iş gedir və bunu hökumətlər, biznes, elm və vətəndaş cəmiyyətinin iştirakı ilə sürətləndirmək olar”, - deyə Qebreyesus bildirib.

ÜST rəhbərinin sözlərinə görə, vərəm əleyhinə vaksinlərin hazırlanmasını sürətləndirmək üçün bir növ şura və ya başqa adda bir struktur yaratmaq təklifi var və bu, vaksinlərin hazırlanmasını sürətləndirə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.