FAKTLAR VƏ RƏQƏMLƏR
İQTİSADİYYAT

FAKTLAR VƏ RƏQƏMLƏR

3 milyard 310,6 milyon manatlıq ÜDM istehsal olunub 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 3310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artmışdır. ÜDM istehsalının 47,5 faizini sənaye, 9,0 faizini ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,4 faizini nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizini tikinti, 2,6 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizini turistlərin yerləşdirilməsi və s. sahələr təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2991,2 manata bərabər olmuşdur.

 

Əsas kapitala 3 milyard 523,1 milyon manat vəsait yönəldilib

Yanvar-mart aylarında əsas kapitala 3523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 1941,3 milyon manatı və ya 55,1 faizi məhsul istehsalı sahələrinə, 1396,5 milyon manatı (39,6 faizi) xidmət sahələrinə, 185,3 milyon manatı (5,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2577,3 milyon manatını və ya 73,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2517,5 milyon manatı və ya 71,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 

155 ölkə ilə ticarət əməliyyatları

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 149 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5 milyard 719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651,0 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3 milyard 068,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

 

İstehlakçılara 13 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb

Cari ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz artmışdır. 

 

"Respublika".