ADA Universitetində Stajçı-Attaşelər üçün Xarici Siyasət Proqramının açılışı olub
Elm və təhsil

ADA Universitetində Stajçı-Attaşelər üçün Xarici Siyasət Proqramının açılışı olub

Oktyabrın 10-da ADA Universitetində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahandan keçmiş Stajçı-Attaşelər üçün Xarici Siyasət Proqramı (AFSP- Advanced Foreign Service Proqram) təliminin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə əmək fəaliyyətinə başlayan gənc diplomatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, gənc diplomatların seçim prosesi ciddi meyarlarla həyata keçirilib. Altı ay ərzində davam edən təlimlər gənc diplomatlara yeni bilik və bacarıqlar qazandıracaq.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək diplomatik xidmətə qəbul imtahanını müvəffəqiyyətlə keçən iştirakçılara öz təbriklərini çatdırıb. Dəyişən beynəlxalq münasibətlər konyunkturasında ölkəmizin xarici siyasətinin uğurla icra edilməsində diplomatların üzərinə böyük yük düşdüyünü bildirən nazir müavini, bu xüsusda hər zaman Azərbaycanın milli maraqlarının üstün tutulmasının vacibliyini qeyd edib. Azərbaycanın müstəqillik tarixi, xarici siyasəti haqqında məlumatları diqqətə çatdıran nazir müavini, həmçinin 44 günlük Vətən müharibəsi və regionda yaranmış vəziyyət barədə danışıb. O bildirib ki, Azərbaycan üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyə davam edir. Azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya işləri həyata keçirilir. Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan qalib ölkə olaraq qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Bütün bunlara baxmayaraq, Ermənistan təcavüzkar əməllərini, ölkəmizə qarşı ərazi iddialarını davam etdirir.

"Biz müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq", - deyə nazir müavini vurğulayıb.

Nazir müavini, həmçinin mövcud çağırışlara cavab vermək qabiliyyətində olmaq üçün gənc diplomatlara bundan sonra da öz bilik və bacarıqlarını artırmağı və bunun üçün keçirilən təlimlərdə aktiv iştirak etməyi tövsiyə edib.

Açılış mərasimində, həmçinin ADA Universitetinin İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova proqramın modulları və modulları təqdim edəcək təlimçilər ilə bağlı təqdimatla çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov, şöbə müdiri Günay Rəhimova və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva çıxış edərək proqram haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, onlara uğurlar arzu ediblər.

Sonra proqram iştirakçıları çıxış edərək proqram haqqında gözləntilərini və təkliflərini diqqətə çatdırıb, habelə proqram təşkilatçılarına təşəkkürlərini bildiriblər.

AZƏRTAC