Yaxın gələcəkdə bütün məcburi köçkün uşaqları azad olunmuş yurdlarında məktəbə gedəcəklər
Elm və təhsil

Yaxın gələcəkdə bütün məcburi köçkün uşaqları azad olunmuş yurdlarında məktəbə gedəcəklər

Şagirdlər yeni tədris ilinə qədəm qoyur. İnanırıq ki, təhsilalanlar əvvəlki illərdə olduğu kimi, bu tədris ilində də keçirilən fənləri dərindən mənimsəyəcək, öz biliklərini daha da artıracaq, onların hərtərəfli təhsil alması, Vətənimizə layiqli övlad kimi yetişməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edəcəklər.

Bu gün ölkəmizdə uşaqların təhsilə marağının artırılması, istedadlı və bacarıqlı uşaqların müəyyənləşdirilməsi, potensiallarının inkişafı, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bir sıra layihələr və dövlət proqramları uğurla icra olunur. Məhz bunun nəticəsidir ki, şagirdlərimizin göstəriciləri ildən-ilə yüksəlir, istər ölkəmizdə təşkil olunan fənn olimpiadalarında, istərsə də beynəlxalq bilik yarışlarında böyük nailiyyətlər qazanırlar.

Dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də təhsildir. Məhz Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə məktəbəqədər, ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində təlim-tədris işi daha da yaxşılaşdırılıb, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına nail olunub. Bu gün ölkəmizin hər yerində, o cümlədən işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağda təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi uğurla davam etdirilir.

Uşaqların təlim-tərbiyəsində, onların bilikli, milli vətənpərvərlik ruhunda tərbiyə almasında, cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhvali-ruhiyyədə yetişməsində əziz müəllimlərimizin xidməti danılmazdır. Dövlətimiz tərəfindən müəllimlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilir, əməkhaqlarının artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, təhsil işçilərinin mükafatlandırılması, fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar verilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı, modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son illər ərzində ölkəmizdə minlərlə məktəb əsaslı təmir olunub və ya yenidən tikilib.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə həyat canlanır, ata-baba yurduna qayıdan uşaqlar öz məktəblərində təhsil almağa başlayıblar. Bu tədris ilində də ilk dəfə öz yurdunda məktəbə gedən şagirdlər var. Bu, bizim hər birimizi fərəhləndirir. İnanırıq ki, yaxın gələcəkdə bütün məcburi köçkün həyatı yaşayan balalarımız doğma yurdlarına qayıdacaq və orada təhsillərini davam etdirəcəklər.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.