Ali Məhkəmənin bir illik fəaliyyətinin yekunları müzakirə olunub
Digər xəbərlər

Ali Məhkəmənin bir illik fəaliyyətinin yekunları müzakirə olunub

Fevralın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu keçirilib. Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Məhkəmənin sədri Plenumun iclasını açaraq 2021-ci ilin bir sıra əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. Bu hadisələrdən ən önəmlisinin böyük Qələbənin bir illiyini Azərbaycan xalqının qürurla qeyd etməsi olduğunu deyən R.Rzayev bildirib ki, xalqımız hələ də bu möhtəşəm Zəfərin haqlı qürurunun təsiri altındadır. Şanlı Qələbəni xalqımız haqlı olaraq qürurla, böyük sevinclə bayram edir. Otuz il həsrətində olduğumuz torpaqlarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə "Dəmir yumruq" əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad olunub və dövlət sərhədlərimiz bərpa edilib. Qələbəni mükəmməl birlik - dövlətimizin gücü, ordumuzun qüdrəti, xalqımızın ruhu təmin edib. Zəfər birbaşa olaraq Azərbaycan diplomatiyasının, iqtisadiyyatının və ordusunun qələbəsidir. Möhtəşəm Zəfərin çox böyük tarixi, siyasi, ictimai və beynəlxalq hüquqi əhəmiyyəti var.

Qeyd olunub ki, postmüharibə dövründə bərpa və quruculuq işləri, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar vüsət alıb. 2021-ci ildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı işlər davam etdirilib. Fərmana uyğun olaraq, mühüm qanunlar qəbul edilib, o cümlədən pandemiya şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

2021-ci ildə Mülki-Prosessual Məcəlləyə olunan mütərəqqi konseptual dəyişikliklər çərçivəsində yazılı icraatın tətbiqindən söz açan Sədr qeyd edib ki, yazılı icraat tərəflərin məhkəməyə təqdim etdiyi prosessual sənədlərin keyfiyyətinə tələbkarlığı artırmaqla yanaşı məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların da qarşısını alacaq.

Ötən il koronavirus (COVID-19) infeksiyası bütün dünyada olduğu kimi, ölkəmizdə də digər sahələrlə bərabər məhkəmə fəaliyyətinə də təsirsiz ötüşməyib. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsaslanan Ali Məhkəmə pandemiya şəraitində məhkəmə fəaliyyətinin həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyələrin əks olunduğu məlumatlar yayıb.

Keçən il səngiməyən koronavirus infeksiyası səbəbindən müəyyən məhdudiyyətlər olmasına, işlərə baxılmasında müəyyən müddətə təxirə salma hallarının yaranmasına baxmayaraq, Ali Məhkəmə fəaliyyətini fasiləsiz davam etdirib.

Ali Məhkəmənin Aparatı 2021-ci ildə səmərəli fəaliyyət göstərib. Milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədilə səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər həyata keçirib. 2021-ci ildə ayrı-ayrı sahələr üzrə vahid məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilib, eyni zamanda, bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqləri aparılıb. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 200-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib, müvafiq rəy və təkliflər hazırlanıb.

Ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi təminatını möhkəmləndirmək, məhkəmə işlərinin idarə olunmasını daha səmərəli təşkil etmək məqsədilə Ali Məhkəmə Aparatının yeni strukturu formalaşdırılıb.

2021-ci ildə dövlət orqanları və ayrı-ayrı vətəndaşlar tərəfindən Ali Məhkəməyə 24 min 148 müraciət daxil olub. Həmin müraciətlərə müvafiq qaydada baxılıb və cavab verilib.

Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan Respublikasının hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir. İndi müasir məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir.

2021-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi"nin (SCN) üzvü kimi fəaliyyətini uğurla davam etdirib. Bu şəbəkə vasitəsilə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilən məhkəmələr arasında informasiya mübadiləsi platforması yaradılıb və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə başlanılıb.

Ali Məhkəmənin sədri qeyd edib ki, internet kommunikasiya şəbəkəsində Ali Məhkəmənin daim yeniləşdirilən saytı fəaliyyət göstərir. Həmin saytda Ali Məhkəmənin Plenumu və müvafiq kollegiyaları tərəfindən qəbul edilən qərarlar, konfranslar, keçirilən görüşlər və digər məlumatlar yayılır. Bu sayt vasitəsilə hər bir vətəndaş və media mənsubu Ali Məhkəmənin fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilər.

Ali Məhkəmənin 2020-ci il fəaliyyətinə dair geniş hesabatı da ənənəvi olaraq saytda yerləşdirilib. 2021-ci ildə Ali Məhkəmənin Bülleteninin nəzərdə tutulan dörd nömrəsi çap olunub. Bülletenlərdə məhkəmələrin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları, Ali Məhkəmə Plenumunun qərarları, qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair ümumiləşdirmələrin nəticələri, icmal məktubları, məqalələr, Ali Məhkəmə rəhbərliyinin iştirakı ilə keçirilmiş görüşlər, beynəlxalq tədbirlərə dair məlumatlar öz əksini tapıb.

2021-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilib və dövlət rüsumunun dərəcələri diferensial qaydada müəyyən olunub. Təcrübədə rahat və asan istifadə olunması məqsədilə rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator Ali Məhkəmənin internet saytında yerləşdirilib.

Məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün aparılan tədbirlər çərçivəsində Ali Məhkəmə qərarlarında effektiv axtarışın aparılmasını təmin edən yeni informasiya-axtarış sistemi yaradılmış və Ali Məhkəmənin internet saytında əksini tapıb.

2021-ci ildə Ali Məhkəmədə "Azərbaycan Respublikasında İnzibati Məhkəmələr - 10 il" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabda inzibati məhkəmələrin ötən 10 illik tarixinə ətraflı nəzər salınıb, bu sahədəki inkişaf və qazanılmış nailiyyətlər göstərilib, inzibati məhkəmələrin fəaliyyəti və əldə edilmiş nəticələr təhlil olunub.

Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2021-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilib.

Plenumda hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılıb.

Diqqətə çatdırılıb ki, Ali Məhkəmənin icraatında 2021-ci ildə 14 min 256 iş olub. Bu isə 2020-ci illə müqayisədə 1859 iş (15 faiz artım) çoxdur. Mülki Kollegiyada 2021-ci ildə 6113 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 894 iş (17,1 faiz artım) daha çoxdur. Kommersiya Kollegiyasında 2021-ci ildə 494 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 231 iş (87,8 faiz) çoxdur. Cinayət Kollegiyasında 2021-ci ildə 2161 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 956 iş (79,3 faiz) daha çoxdur. İnzibati Kollegiyada isə əksinə 2021-ci ildə 2150 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 80 iş (3,6 azalma) azdır.

Ümumiyyətlə isə Ali Məhkəməyə 2021-ci ildə 11 min 314 iş daxil olub. Bu isə 2020-ci illə müqayisədə 1326 iş (13,3 faiz artım) daha çoxdur. Ləğv olunan məhkəmə qərarlarının sayında da 2021-ci ildə artım olub. Belə ki, 2021-ci ildə 2520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Bu da 2020-ci illə müqayisədə 572 qərar çoxdur.

Plenumda məlumat verilib ki, 2021-ci ildə Ali Məhkəmənin Plenumunda baxılan işlərdə də artım müşahidə olunub. Belə ki, 2020-ci ildə Plenumda 16 işə baxıldığı halda, 2021-ci ildə 30 işə baxılıb.

Məruzələr ətrafında çıxış edənlər Kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu xüsusi qeyd ediblər.

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2013-cü il 15 noyabr tarixli qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub. Çıxış edənlər yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işlərinə baxılması ilə əlaqədar cinayət-hüquqi və cinayət-prosessual normaların tətbiqində məhkəmə təcrübəsi vahidliyinin təmin olunmasının vacibliyini bildiriblər.

Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Bununla da Plenum öz işinə yekun vurub.

AZƏRTAC