Aqroparklar bölgələrdə iqtisadiyyatı canlandırır
İQTİSADİYYAT

Aqroparklar bölgələrdə iqtisadiyyatı canlandırır

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının istər mikro, istərsə də makro səviyyədə davamlı inkişafını təmin edir. Yeni yaradılan azad iqtisadi zonalar, dəniz limanları, hava limanları, sənaye parkları, aqroparklar sənayenin və kənd təsərrüfatının  müxtəlif sahələrinin sürətli inkişafını, regionlarda işsizliyi aradan qaldırır, ixrac potensialını artırır.

Bölgələrdə yeni aqroparkların yaradılması aqrar sahənin innovativ metodlarla inkişafına zəmin yaradır. Yaradılan bu tip müəssisələr əsasən səhranı xatırladan, illərdir əkin-biçin aparılmayan yerlərdə təşkil olunur.

Ölkəmizdə bütün regionlarda yeni aqroparkların yaradılması davam etdirilir. Bu təsərrüfatlarda gözlənildiyindən bir qədər artıq kənd təsərrüfatı məhsulları istehsal olunur. Aqroparklar bazarlarda bolluq yaratmaqla yanaşı, bölgələrdə məşğulluğun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Aqroparklar yerləşdiyi iqtisadi-coğrafi rayonlarda kənd təsərrüfatının intensiv inkişafını təmin etməklə yanaşı, həm də həmin bölgənin ümumi iqtisadi həyatını canlandırır.

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il  tarixli sərəncamı ilə yaradılan Qazax-Tovuz iqtisadi rayonunun aqrar sahənin yüksək inkişaf potensialını nəzərə alaraq əminliklə demək olar ki, “Tovuz Aqro” MMC yalnız Tovuz rayonu üçün deyil, ümumən bölgə üçün əhəmiyyətli müəssisələrdəndir. Aqroparkda gördüklərimiz deyilənlərin bariz nümunəsidir. Bu nümunəvi təsərrüfat üç ildən artıqdır ki, fəaliyyət göstərir. Müəssisə Ukrayna, Rusiya və başqa ölkələrdən gətirilmiş ətlik cinsdən olan iribuynuzlu heyvanların kökəldilməsi ilə məşğuldur.

İstehsal olunan ekoloji təmiz ət məhsulu daxili bazarlarda satılır, eləcə də dövlət sifarişi əsasında imzalanmış müqavilələrə əsasən qapalı müəssisələri ət ilə təmin edir. Bununla yanaşı, təsərrüfatda damazlıq sürüsünü yaratmaq üçün hazırlıq aparılır. Belə ki, müəssisədə «Aberdin Andus» cinsindən olan heyvanlardan döl əldə etməklə ana heyvanların sayının artırılması üçün “Tovuz Aqro” MMC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir.

Müəssisənin direktoru Şadkamal Hüseynov bildirdi ki, nazirliyin əməkdaşları bir neçə gün bundan əvvəl müəssisəyə gələrək monitorinqlər aparmışlar. Müvafiq sənədlər hazırlanmış, “Tovuz Aqro” MMC-yə ətlik istiqamətdə damazlıq təsərrüfat statusunun verilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

Qeyd etmək lazımdır ki, bu addım respublikada ilk olacaqdır. Burada yetişdirilən damazlıq heyvanların respublikada fəaliyyət göstərən digər heyvandarlıq təsərrüfatlarına da güzəştli qiymətlə satışı həyata keçiriləcək, respublikada ətlik cinsdən olan heyvanların sayı çoxalacaqdır. Bununla ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, eyni zamanda bu tip cins heyvanların ölkəyə idxalı minimuma enəcək və ölkədən valyuta axınının qarşısı alınacaqdır.

“Tovuz Aqro” MMC heyvanların yemə olan tələbatını ödəmək üçün 250 hektar buğda, 350 hektar arpa səpini aparmış, artıq biçin uğurla başa çatdırılmışdır. Hər hektardan 51 sentner məhsul əldə olunmuşdur. Bundan başqa 122 hektar çoxillik yonca becərilmiş, indiyədək 2 dəfə biçin aparılmışdır. Hər hektardan 4 tondan artıq məhsul əldə olunmuşdur (hər biçində).

Yaxın günlərdə yoncanın 3-cü üz biçimi aparılacaqdır. Payız aylarına qədər yonca 5 dəfə biçilir. Bundan başqa taxıl biçini qurtarmış sahələrdə 200 hektar təkrar əkin aparılaraq silosluq qarğıdalı səpini aparılır.

Bu təsərrüfat ilində müəssisə 60 min ədəd saman kipi bağlayaraq fermerlərə güzəştli qiymətlə satmışdır. Burada bitkilərin becərilməsi və suvarılmasında mütərəqqi üsullardan istifadə olunur. “Tovuz Aqro” MMC ötən il 1000 tondan artıq ekoloji təmiz ət satışını həyata keçirmişdir. Hazıradək 600 ton ət tədarük olunaraq satılmışdır. Müəssisədə eyni zamanda 6 hektara yaxın intensiv bağçılıq mövcuddur. Gələn ildən ağacların bar verəcəyi gözlənilir. Bununla yanaşı, 2 hektar sahədə tərəvəz və bostan bitkiləri becərilir. Əldə olunan məhsul təsərrüfatda çalışan əməkdaşları təmin etmək üçündür. Hazırda MMC-dən 100 nəfər adam daimi işlə təmin olunmuşdur.

Vəli VƏLİYEV,

“Respublika”.