Avstraliyanın Yeni Cənubi Uels ştatının Baş naziri Xocalı faciəsi ilə əlaqədar Azərbaycanla həmrəyliyini ifadə edib
Siyasət

Avstraliyanın Yeni Cənubi Uels ştatının Baş naziri Xocalı faciəsi ilə əlaqədar Azərbaycanla həmrəyliyini ifadə edib

Avstraliya İttifaqının Yeni Cənubi Uels ştatının Baş naziri Dominik Perrottet Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan icmasına həmrəylik məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC-ın həmin ölkə üzrə xüsusi müxbirinə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta məlumat verib.

Baş nazir məktubunda fikrinin 1992-ci ildə Xocalıda baş vermiş faciənin ildönümünü anan azərbaycanlılarla birlikdə olduğunu bildirib, insan itkisinin kədərli olduğunu, günahsız mülki şəxslərin qətlə yetirilməsinin isə bütün ləyaqətli insanların qəlbində fəryad hissi oyatdığını vurğulayıb.

Məktubda Azərbaycan tarixindəki bu mühüm hadisənin anılmasının ən böyük əhəmiyyətinin təkcə xatırlamaq deyil, həmçinin belə zorakılıq aktlarının bir daha təkrarlanmamasının təmin edilməsi öhdəliyi olduğu xüsusi vurğulanıb.

Baş nazirin Yeni Cənubi Uels ştatının çoxmədəniyyətli olmasından və mindən artıq azərbaycanlının Avstraliyanı doğma evi seçməsindən, eyni zamanda, Azərbaycandan olan turistlərin Avstraliya sahillərinə üstünlük verməsindən qürur duyduğu diqqətə çatdırılıb.

Məktubun sonunda D.Perrottet bu faciəli hadisəni xatırlayarkən Azərbaycan icmasının yanında olduğunu təkrar vurğulayıb.

AZƏRTAC