Azərbaycan Avrasiyada sülhün tərəfdarıdır
Siyasət

Azərbaycan Avrasiyada sülhün tərəfdarıdır

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransında ölkəmizin bu mövqeyini bir daha nümayiş etdirdi

"... 44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə biz təbii ki, istəyirik  Avrasiyada sülh bərqərar olunsun...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda bildirib.

Son 30 ildə regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcavüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. O qüvvələr manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir və yalan maşınını işə salmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etmir.

Ermənistanın bu davranışları isə təbii ki, qalib Azərbaycanı qane etmir. Ölkəmiz regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmağa, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhün əldə edilməsinə, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinə çalışır.

Özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməklə Azərbaycan Ermənistanın təxribatlarına da dərhal əks-həmlələrlə cavab verir, eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində dəyişməz iradəsini ortaya qoyur.

Dövlətimiz vasitəçilərin səyləri ilə aparılan danışıqlarda da fəallıq nümayiş etdirir.

Azərbaycan qlobal arenada mövqeyini getdikcə gücləndirir. Bu gün tək daxil olduğumuz regionda deyil, bütövlükdə dünyada nəzərdə tutulan layihələrdə Azərbaycan Respublikasının maraqları və mövqeyi nəzərə alınır. Bu baxımdan, Prezident İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı da ölkəmizin xarici siyasət kursunda önəmli yer aldı. Ölkə başçısının bu konfransa ali qonaq kimi dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı dünyanı bürüyən münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olunması istiqamətində vacib platformadır.

Ölkəmiz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ yolun yaradılmasını vaxtından əvvəl təmin etdi. Müəyyənləşdirilmiş marşrut üzrə yüksək səviyyəli avtomobil yolu çəkildi. Başlanğıcda Ermənistandakı bəzi qüvvələr Azərbaycan inşaatçılarının həmin ərazilərdə işləyə bilməyəcəkləri barədə iddialar səsləndirirdilər. Ətraf kəndlərdə yaşayan ermənilərin onlara mane olacaqları bildirilirdi. Ancaq bu, baş vermədi. Rusiyanın sülhməramlı qüvvələrinin inşaatçılarımızı erməni hücumlarından qorumalarına ehtiyac qalmadı və yolun inşası vaxtından əvvəl tamamlandı. Diqqətçəkən, həm də o məqamdır ki, azərbaycanlı inşaatçılara hücum çəkəcəkləri iddia olunan ermənilərin özləri yolun çəkilməsində iştirakçı oldular. Bu kimi faktlar ondan xəbər verir ki, Qarabağda yaşayan müəyyən sayda erməni icması öz gələcəyini Azərbaycan cəmiyyətinə inteqrasiya etməklə qurmağa, birgə yaşamağa hazırdır. Əlbəttə, 30 illik fasilədən sonra inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı, çünki işğal illərində zərərli təbliğat aparılıb, araya nifaq, düşmənçilik toxumları səpilib. Bütün bunların aradan qaldırılması, inam mühitinin formalaşdırılması üçün zamana ehtiyac var. Bunun üçün isə təbii ki, sülh müqaviləsi imzalanmalıdır. Ermənistan isə bu mühüm məsələdən yayınır. Dünya birliyi Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşü bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi bu mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş oldu.

Ermənistan lideri isə açıq-aşkar sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasında maraqlı olduğunu təsdiqlədi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğuna şübhə dolu yanaşmalar ortaya qoyan Ermənistan rəhbəri Azərbaycanın siyasətinin guya qisas olduğunu bildirməklə özlərinin işğalçılıq siyasətlərindən, 30 il torpaqlarımızı işğal altında saxlamalarından yayınmağa çalışdı. Dövlət başçısı İlham Əliyev həm plenar iclasda, həm də mətbuata müsahibələrində bu fikri xüsusi qeyd etdi ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Həmin sənəddə Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var və orada məskunlaşan ermənilər ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olacaqlar, onların təhlükəsizliyi də tam təmin ediləcək.

Bəli, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan daha bir diplomatik uğur qazandı. Dövlət başçısının bu nüfuzlu beynəlxalq platformada ortaya qoyduğu mövqe, ölkəmizin dünya miqyasında iqtisadi, siyasi, diplomatik üstünlüklərinin açıq-aydın ifadəsi idi.

Zümrüd QURBANQIZI,

"Respublika".