Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi
Siyasət

Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi

İyulun 8-9-da Bakı və Şuşa şəhərlərində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 8-də müşavirənin Bakıda, ADA Universitetində keçirilən sessiyasında nazirliyin rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri iştirak ediblər.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 8-də müşavirənin Bakıda, ADA Universitetində keçirilən sessiyasında nazirliyin rəhbər heyəti, ölkəmizin bütün diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçıları salamlayıb, müşavirəyə ADA Universitetinin ev sahibliyi etdiyini məmnunluqla vurğulayıb. Rektor müşavirənin işinə uğurlar arzulayıb.

Müşavirədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər. Çıxışlarda Azərbaycan Respublikasının xarici siyasət prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və onların qarşısının alınması istiqamətində görülən tədbirlər, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakı, əməkdaşlığın perspektivləri və digər mövzularda fikirlər səsləndirilib. Diplomatik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatlar verilib. Sonra müzakirələr panel iclaslarında davam etdirilib.

İyulun 9-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbərliyinin, habelə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində davam edib.

İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri mövzusuna həsr olunmuş panel iclasında xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonu üzrə nümayəndəsi Emin Hüseynov tərəfindən geniş təqdimatlar edilib.

Növbəti panel iclasında Heydər Əliyev Fondunun təşəbbüsü və Xarici İşlər Nazirliyinin dəstəyi ilə dərc olunan, Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadzenin rəhbərliyi ilə gürcü alimləri tərəfindən işlənib hazırlanmış, Qarabağ xanlığının zəngin tarixi irsini Gürcüstan Milli Muzeyində saxlanılan artefaktlara əsasən təqdim edən "Qarabağ xanlığı - tarixi və mədəni kimlik" kitabının təqdimatı keçirilib.

Təqdimatda Gürcüstan Milli Muzeyinin direktoru Eldar Naderadze, habelə AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov çıxış ediblər. Tədbirdə, həmçinin xarici mütəxəssislər tərəfindən Qarabağ bölgəsi ilə bağlı aparılan araşdırmalar arasında alman alim M.Raynhard Hess tərəfindən dərc edilən "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" adlı kitabı ilə bağlı məlumat verilib. Xarici alimlər tərəfindən ərsəyə gətirilən bu kitabların Azərbaycanın Qarabağ bölgəsinin beynəlxalq müstəvidə tərənnüm edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi Şuşa şəhərində təşkil olunan mədəni proqramla yekunlaşıb.

AZƏRTAC