Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi çərçivəsində keçirilən media kampaniyasına yekun vurulub
Siyasət

Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi çərçivəsində keçirilən media kampaniyasına yekun vurulub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin İnkişaf Proqramının (UNDP)  birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində icra olunan media kampaniyasına yekun vurulub. 

AZƏRTAC xəbər verir ki, kampaniyanın yekununa dair keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev layihənin önəmindən bəhs edib və onun həssas qrupların hüquqlarının və rifahının təminatı, onların məşğulluq imkanlarının artırılması sahəsində hökumətin apardığı işlərə dəstək olduğunu deyib. Nazirliyin şöbə müdiri layihə çərçivəsində həyata keçirilmiş media kampaniyasının əhəmiyyətini diqqətə çatdırıb.

O, həmçinin deyib: “Bu layihə çərçivəsində virtual laboratoriya təşkil olunub. Onu gələcəkdə daha da inkişaf etdirmək fikrindəyik. O cümlədən inklüziv məktəb yaradılıb ki, gələcəkdə tərəfdaşlarla regionlarda da belə məktəblər yaratmağı düşünürük”.

BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib ki, ötən 5 ay ərzində media kampaniyasına cəlb olunan 50-dək əlilliyi olan şəxs və media nümayəndəsinə qruplar halında yaradıcılıq və səmt təlimləri təşkil edilib. “Media kampaniyası çərçivəsində layihənin həyata keçirildiyi Bakı şəhərində, Salyan və Masallı rayonlarında yaşayan 50 nəfər əlilliyi olan qadın, Qarabağ müharibəsi veteranı və media nümayəndələrindən ibarət birgə qruplar formalaşdırılıb və 2021-ci ilin aprel ayında həmin qruplar üçün səmt təlimləri təşkil edilib. Təlimlərdə iştirak edən qruplar əlilliyi olan şəxslər üçün əlverişli mühitin yaradılması və inklüzivliyin təşviqi məqsədilə sosial çarxlar və KİV üçün məqalələr hazırlayıblar. Materialların hazırlanması prosesində qruplara peşəkar mentorlar tərəfindən dəstək göstərilib. Media kampaniyasının yekununda ərsəyə gələn sosial videoçarxlar və məqalələrin içərisindən münsiflər heyəti tərəfindən ən yaxşı nümunələr seçilib.

İştirakçılar kampaniyanın gedişatında hazırladıqları videoçarxlar və məqalələr vasitəsilə əlilliyi olan insanlar üçün müyəssərliyin və bərabər imkanların yaradılmasını təşviq edirlər”, - deyə F.Babayev qeyd edib.

BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist vurğulayıb ki, media məlumatlılığın artırılması damğalanmaya və dezinformasiyaya qarşı mübarizədə mühüm vasitə ola bilər. Onun sözlərinə görə, medianın cəmiyyətdəki yanlış təsəvvürlərin dəyişdirilməsində və əlilliyi olan insanların cəmiyyətdə layiqincə təmsil edilməsində rolu danılmazdır: “Bu kampaniya və layihə onu göstərdi ki, əgər əlilliyi olan insanlara lazımi imkanlar yaradılarsa, onların bacarıqlarının həddi-hüdudu olmayacaq. Məsələn, son bir il ərzində 930 şəxs silsilə təlimlərdən keçib. Təlimlər nəticəsində onlar yeni sahibkarlıq bacarıqları, kompüter bilikləri, mühasibatlıq, marketinq  və hüquq sahəsində biliklər əldə ediblər. Nəticədə onlardan 142 nəfəri öz bizneslərinə başlayıb. Salyan və Masallıda 1300 nəfər arasında əlilliyi olan qadın və qızları, o cümlədən Qarabağ  müharibəsi veteranlarını narahat edən məsələlərin öyrənilməsinə, onların tələbatlarının qiymətləndirilməsinin aparılmasına öz töhfəmizi vermişik.  Bu da onların tələbatlarına uyğun geniş tədbirlərin təşkilinə rəvac verir. Azərbaycanda ilk dəfə olaraq əlilliklə bağlı məlumatların toplandığı bələdçi kitabı hazırlanıb. Burada bir çox məlumatlar yer alıb, məsələn, əlilliyi olan insanların tələbatlarının sürətli qiymətləndirilməsi metodologiyası, onlarla müsahibələrin aparılmasına aid qaydalar və s. əks olunub, həmçinin sahibkarlıq fəaliyyəti üçün müraciət edən şəxslərin məlumat bazası yaradılıb.

Bundan əlavə, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi üçün ilk dəfə olaraq virtual bacarıqların inkişafı və təlim laboratoriyası təşkil olunub. Son bir ay ərzində əlilliyi olan 48 tələbə rəsm, toxuculuq, ağac üzərində oymaçılıq kurslarını bitiriblər. Həmin kurslar üç ildir ki, İnklüziv İncəsənət Məktəbində ödənişsiz şəkildə təşkil olunur.

Biz düzgün istiqamətdəyik. Bununla inklüziv cəmiyyət qura bilərik. Lakin görüləcək işlər hələ ki, çoxdur”.

“Education HUB” MMC-nin proqram meneceri Gülnarə İsmayılova əlilliyi olan qadınlara və Qarabağ müharibəsi veteranlarına qarşı ayrı-seçkiliyi və damğalanmanı aradan qaldırmaq üçün media məlumatlandırmasının vacib komponentləri və qazanılan təcrübələr haqqında məlumat verib. O, kampaniyanın əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin cəmiyyətə inteqrasiyası imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması inklüzivliyin təşviqi məqsədi daşıdığını diqqətə çatdırıb.

Sonra qalib filmlər nümayiş etdirilib və ilk üç yerin sahibləri mükafatlandırılıblar. Birinci yerin qalibinə 900 manat, ikinci pilləni tutanlara 600 manat, üçüncü olanlara isə 300 manat məbləğində pul mükafatı təqdim olunub. Həmçinin kampaniyanın iştirakçıları sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə 2019-2021-ci illəri əhatə edir.

AZƏRTAC