Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın 30 illiyi qeyd olunub
Digər xəbərlər

Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın 30 illiyi qeyd olunub

Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlığın 30 illiyinə dair tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BQXK-nın ölkəmizdəki nümayəndəsi Arian Bauer, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz klasterinin rəhbəri Davron Muxamadiyev çıxış ediblər.

Nazir müavini M.Məmməd-Quliyev çıxışında 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində ölkəmizin postmünaqişə dövrünə qədəm qoyduğunu, münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasının, xüsusilə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi haqqında danışıb. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tapılmış kütləvi məzarlardakı insan qalıqlarının şəxsiyyətinin identifikasiyası və mina təhlükəsi barədə məlumatlandırmanın BQXK ilə əməkdaşlıqda vacib istiqamətlər olaraq qaldığını vurğulayıb. O, bu əməkdaşlığın bundan sonra da xalqımızın maraqları, BQXK-nın humanitar mandatı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davam etdiriləcəyini bildirib.

AZƏRTAC