Azərbaycan Respublikası Baş nazirinin müavini İranın energetika naziri ilə görüşüb
İQTİSADİYYAT

Azərbaycan Respublikası Baş nazirinin müavini İranın energetika naziri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində ölkənin energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə energetika sahəsində mövcud layihələrin davam etdirilməsi və əməkdaşlığın artırılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun enerji sahəsi üzrə işlərinin icrası məsələləri müzakirəsi mövzusu olub.

Söhbət zamanı Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində həyata keçirilən işlərin gedişi də nəzərdən keçirilib.

Görüşdə, həmçinin üçtərəfli əməkdaşlıq layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC