Azərbaycan sülh missiyasını davam etdirir
Digər xəbərlər

Azərbaycan sülh missiyasını davam etdirir

Azərbaycan hər zaman sülh tərəfdarı olub. Biz bunun İkinci Qarabağ müharibəsi zamanı da şahidi olduq. Baxmayaraq ki, buna qədər də ölkəmiz uzun illər münaqişənin məhz sülh yolu ilə həllinə çalışmışdır, lakin Ermənistan bizi müharibəyə məcbur etdi. Və danılmaz faktdır ki, müharibəni də 2020-ci il sentyabr ayının 27-də onlar başladılar. Azərbaycan isə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. 30 ilə yaxın düşmən tapdağında olan Qarabağ torpaqlarını işğaldan azad etdi. Dövlətimiz, eyni zamanda dünyaya "müharibə mədəniyyəti"ni də nümayiş etdirdi, tarixə hərbi sahədə ən sivil müharibə aparan ölkə kimi yazıldı.

Dəfələrlə ölkə başçımız da xüsusi olaraq qeyd edirdi ki, biz Ermənistan ordusu ilə müharibə aparırıq, dinc əhali ilə yox. Əlbəttə ki, müharibələr döyüş meydanında, səngərlərdə olmalıdır. Azərbaycan 44 günlük Vətən savaşında bütün müharibə qanunlarına əməl etdi. Qarşı tərəf - Ermənistan isə nəinki səngərdə döyüşdü, əksinə, müharibə zonasından uzaqda yerləşən rayon və kəndlərimizi belə müxtəlif çaplı silahlardan atəşə tutdu. Xeyli sayda mülki əhalinin, dinc sakinin ölümünə səbəb oldu. Bütün baş verənlərə rəğmən Azərbaycan dəfələrlə tərəflər arasında sülh təklifi ilə çıxış etdi. Qarşı tərəf buna razılıq verməsə də, sonda məğlubiyyət aktı imzaladı. Bütün müharibələrin sonu sülh müqaviləsinin imzalanması ilə bitib. Məğlub olan ölkə isə qalib dövlətin irəli sürdüyü reallıqlarla barışmaq məcburiyyətindədir.

 İkinci Qarabağ müharibəsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan 10 noyabr Bəyanatının şərtlərinə əməl etmir. Yenə də öz terrorçu, xain xislətindən əl çəkmir. Hələ də tərəflər arasında sülh müqaviləsi bağlanmayıb. Buna da səbəb Ermənistanın təxribatlarını davam etdirməsidir. Azərbaycan isə qalib dövlət kimi sülh, barışıq missiyasını davam etdirir. Prezident İlham Əliyevin sülh müqaviləsinin bağlanması üçün irəli sürdüyü 5 təkliflə Ermənistan rəhbərliyi razılaşsa da proseslər göstərdi ki, bunlar yalnız boş vədlərdir.

Dövlət başçısının keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib və bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması, həmçinin İlham Əliyevin sülh təklifinin 5 prinsipi ilə razılaşması ilə bağlı fikirlər səsləndirməsindən sonra ermənilərin təxribatçı əməlləri onu göstərdi ki, qarşı tərəf sülh istəmir. Beş baza prinsipi iki dövlət arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. Təbii ki, sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bütün dövrlərdə münaqişə ilə bağlı sülh tərəfdarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə proseslərin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib. İstər müharibədən öncə, istərsə də müharibədən sonrakı dövrdə bütün beynəlxalq təşkilatlar qarşısında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasının yerinə yetirilməsinin vacibliyini dünyaya çatdırıb. Münaqişənin qan tökülmədən, sülh yolu ilə həll olunmasını istəyib. 30 ilə yaxın səbir nümayiş etdirən Azərbaycan sonda sülh çağırışının Ermənistan üçün keçərli olmadığını görüb, torpaqlarını hərbi yolla azad etdi. Müharibə bitdikdən dərhal sonra isə ərazidə tikinti-quruculuq işlərinə start verildi. Bu gün Qarabağ yenidən qurulur. Bu ərazilərdə yenidən həyat öz axarına düşür. Qarabağ indi xarici diplomatik nümayəndələrin də görüş, işgüzar səfər yerinə çevrilib. Dövlət başçısı İlham Əliyevin dəfələrlə çıxışlarında humanizm prinsiplərinə sadiq qalaraq sülh çağırışlarını davam etdirib, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını sülh və əmin-amanlıq şəraitində birgə yaşayışa dəvət edib. Lakin yenə də Ermənistan öz xain, təxribatçı mövqeyində dayanır. Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarını, erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisində qalmasını və mina basdırılmasını davam etdirir. Deməli, Ermənistan öz terror əməllərindən əl çəkməyib.

Ramidə YAQUBQIZI,

"Respublika".

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətləri və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov  dünən  Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

O, hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə   götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nəriman CAVADOV,

"Respublika".