Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə müdafiə nazirləri bölgədə cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinə dair müzakirələr aparıblar.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.

AZƏRTAC