İşğalçı ölkə yanlış istiqamətə yönləndirilir
Siyasət

İşğalçı ölkə yanlış istiqamətə yönləndirilir

Keçmiş münaqişənin sülh yolu ilə həllini istəməyən qüvvələr indi də münasibətləri gərginləşdirirlər

Yeni dünya düzəni dövlətlərin bir-birilə mövcud əlaqələrinin möhkəmləndirilməsi, yeni münasibətlərin formalaşdırılması ilə yanaşı, qarşıdurmalarla da xarakterizə olunur. Başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək, dünyada sülhü, təhlükəsizliyi təşviq etmək isə əksər ölkələrin diplomatiyasında yer almır. Müstəqil siyasət yürüdən Azərbaycan həyata keçirdiyi uğurlu siyasətdə ikitərəfli münasibətlərin dərinləşməsinə, dostluq, tərəfdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verir. Buna görə də Azərbaycan bütün dünyada sülhə, əmin-amanlığa töhfə verən humanist ölkə olaraq qəbul edilir.

Cənubi Qafqazda söz sahibi olan Azərbaycan dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini gündən-günə daha da möhkəmləndirərək etibarlı tərəfdaş imici qazanıb. Müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində lider ölkəmiz müstəqil xarici siyasətində təmaslarını və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü bərpa edən, torpaqlarının işğalına son qoyan Azərbaycanın qələbəsini qəbul edə bilməyən erməni havadarları isə bu gün də ölkəmizə qarşı ikili münasibət nümayiş etdirirlər. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını istəməyən bəzi ölkələr, o cümlədən Fransa və ABŞ hər zaman selektiv yanaşma nümayiş etdirmişlər. Belə ki, ərazi bütövlüyümüzün pozulmasından 30 il boyu zərrə qədər də narahatlıq ifadə etməyən bu ölkələr, postmüharibə dövrünün reallıqlarını həzm edə bilmirlər. Belə ki, ötən il avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda Bakıdakı diplomatik korpusun, eləcə də Azərbaycanda akkreditə olunmuş Türkiyə, Rusiya və İranın diplomatik korpusunun nümayəndələri, həmçinin bir sıra ölkələrin İstanbuldakı baş konsulları, beynəlxalq təşkilatların təmsilçiləri və Türkiyə hökumətinin rəsmiləri iştirak etmişlər. Ümumilikdə 180-ə yaxın nümayəndənin 130 diplomatik korpusun xarici nümayəndəsinin, o cümlədən 36 səfirin, 18 hərbi attaşenin iştirak etdiyi konfransda ABŞ və Fransanın Azərbaycandakı səfirlərinin iştirak etməmələri ölkəmizə qarşı ikili münasibətin ən bariz göstəricisi idi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında Fransa və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrinin Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi barədə demişdir: "Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirirlər".

Bu il oktyabr ayının 31-də ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatı qərbin ikili yanaşmasının növbəti nümunəsidir. Senatın Təxsisatlar Komitəsində ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycanla münaqişə səbəbindən Ermənistanda böhran vəziyyətinin yarandığını, ölkənin humanitar yardımlara ehtiyacı olduğunu vurğulayıb. Həmçinin dövlət departamenti "Amerikanın səsi" xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir.

BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan 5 daimi üzvdən biri olan və Ermənistan-Azərbaycan münaqişəsinin həllində bütün səlahiyyətlərə sahib olmasına baxmayaraq, uzun illər boyu onun ədalətli həllini istəməyən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyən ABŞ-ın bu gün Ermənistanın humanitar yardıma ehtiyacı olması barədə bəyanat səsləndirməsi ölkəmizə qarşı ikili münasibətin növbəti dəfə nümayişidir.

Azərbaycan XİN-dən bu barədə bildirilib: "ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib. Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib".

Bu gün regionda yeni reallıqlar yaradan, eyni zamanda sülhə, əmin-amanlığa və dialoqlararası anlaşmaya böyük töhfələr verən Azərbaycanın haqq işini dəstəkləməyən, onun sülh çağırışlarına kölgə salan dövlətlər 30 il bundan əvvəl düzgün, tərəfsiz, ədalətli siyasət həyata keçirsəydilər, sözsüz ki, Azərbaycan-Ermənistan münaqişəsi sülh yolu ilə öz həllini tapar, hərbi əməliyyatlara ehtiyac qalmazdı. Lakin Ermənistana havadarlıq edənlər münaqişənin həllinə deyil, uzanmasına səy göstərdilər və 30 il istəklərinə nail oldular. Azərbaycan isə beynəlxalq hüquq normaları çərçivəsində ədaləti bərpa etdi, ərazilərini işğalçılardan təmizlədi. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmamasına səy göstərməyən tərəflər bu gün həmin səylərini iki ölkə arasında münasibətlərin gərginləşməsinə, sülh sazişinin imzalanmamasına yönəldərək Ermənistanı yeni münaqişəyə sövq edirlər. Lakin həmin qüvvələr unudurlar ki, Ermənistanın "havadarlar ordusuna" baxmayaraq, müstəqil Azərbaycan 30 illik işğala cəmi 44 gündə öz uğurlu diplomatiyası sayəsində son qoydu. Bu gün də dövlətimiz məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasət həyata keçirir. Bunu dost da görür, düşmən də...

Mehparə ƏLİYEVA,

"Respublika".