Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb
Siyasət

Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci il üçün "Yol xəritəsi"nin imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, hər iki sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Qanunverici orqanların rəhbərləri bu sənədlərin parlamentlər arasında əməkdaşlığın daha da dərinləşməsinə, qanun yaradıcılığında təcrübə mübadiləsinin genişlənməsinə əsaslı töhfə verəcəyinə inamlarını ifadə ediblər. Qeyd olunub ki, qanunverici orqanlar arasında münasibətlərin inkişafı ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

AZƏRTAC