Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu
Digər xəbərlər

Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bir sıra mühüm infrastruktur layihələrin icrasına başlanıldı. Belə planlardan biri Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulmasıdır. Prezident İlham Əliyev 2021-ci il fevralın 14-də Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu.

Layihə üzrə Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd olmaqla, 9 stansiya, 469 ədəd mühəndis qurğusu, 70 ədəd yoldəyişən, 110,4 kilometr rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub. Uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb. Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü də tikilir. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Hazırda dəmir yolunun inşası ilə bağlı işlərin 80 faizi yekunlaşıb.

Böyük strateji əhəmiyyəti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialına böyük töhfə verəcək. Həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, ölkəmizin strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək. Prezident İlham Əliyev 2021-ci il fevralın 14-də Zəngilandakı çıxışında bu məsələyə toxunub: “Biz təklif etmişdik ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Vurğulandığı kimi, dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13 mart 2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb, prosesin gələn il yekunlaşması proqnozlaşdırılır.

Jalə QASIMZADƏ,

“Respublika”.