Azərbaycanın fövqəladə hallar naziri Polşanın ölkəmizdəki səfiri ilə görüşüb
SİYASƏT

Azərbaycanın fövqəladə hallar naziri Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 13-də Polşa Respublikasının ölkəmizdəki səfiri Rafal Poborski ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Kəmaləddin Heydərov, ilk növbədə, FHN-in fəaliyyəti barədə ətraflı məlumat verib, ölkəmizdə son illər fövqəladə hallarla mübarizə sahəsində görülmüş işlərdən danışıb. Nazir FHN ilə Polşanın fövqəladə halların idarə olunması üzrə məsul qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Nazir K.Heydərov həmsədri olduğu Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə qonağa məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə danışan nazir Polşa iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Rafal Poborski ölkələrimizin fövqəladə halların idarə olunması sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Ələt Azad İqtisadi Zonasına polşalı iş adamlarının sərmayə yatırması ilə əlaqədar dəvətin dəyərləndiriləcəyini bildirib.

Səfir Rafal Poborski işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun sonuncu səfərində iştirakı barədə danışaraq, ölkəsinin həmin ərazilərin bərpasında iştiraka hazır olduğunu, Azərbaycan və Polşa tərəfdaşları arasında bu istiqamətdə ticari və sərmayə əməkdaşlığı imkanlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC