Bakıda Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub
İQTİSADİYYAT

Bakıda Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub

Oktyabrın 22-də Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub. Tədbirin təşkilinə, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Gənclər Fondu, BP Azərbaycan və "iTicket.az" şirkətləri də töhfə verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, yarmarka Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 ilinin tamam olması və hər il dünyada 24 oktyabr tarixində qeyd olunan BMT gününə həsr olunub. Tədbirə 40-dan artıq ölkə qatılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanda ilk dəfədir bu formatda təşkil olunmuş tədbirin xarici ölkələrin mədəniyyətinin, mətbəxinin və musiqilərinin ölkəmizdə təqdim edilməsi üçün faydalı olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, tədbirdən əldə olunacaq vəsaitin Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirilən layihənin maliyyələşdirilməsinə sərf olunacağının təqdirəlayiq hal olduğunu bildirib. Nazir ölkəmizin BMT-nin fəal üzvlərindən olduğunu, beynəlxalq səviyyədə sülhə, təhlükəsizliyə, davamlı inkişafa və humanitar sahələrə geniş töhfələr verdiyini, bu tədbirin ölkələr arasında dostluğun, əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulayıb.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi vəzifələrini icra edən Quido Ambroso çıxış edərək təşkil olunmuş tədbirin yarmarkada iştirak edən ölkələrlə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. BMT tərəfindən həyata keçirilən layihələr və prioritet istiqamətlər barədə məlumat verib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndəlikləri tərəfindən təmsil etdikləri ölkələrin mədəniyyətlərini tərənnüm edən milli mətbəx nümunələri və suvenirlər xeyriyyə məqsədilə satışa çıxarılıb. BMT-nin müxtəlif qərargahlarında illik əsasda həyata keçirdiyi bənzər xeyriyyə tədbirlərinin təcrübəsinə uyğun olaraq, yarmarkanın gedişatında bir sıra qiymətli hədiyyələrin qazanılması üçün müsabiqə təşkil edilib. Tədbirdə iştirak edən ölkələrin və Azərbaycanın milli rəqs və musiqi nömrələrindən ibarət geniş mədəni proqram nümayiş olunub.

Tədbir çərçivəsində, eyni zamanda, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən təşkil olunmuş sərgidə ölkəmiz tərəfindən həyata keçirilən beynəlxalq yardım fəaliyyətinə dair şəkillər nümayiş olunub, eləcə də informativ bukletlər qonaqlara təqdim edilib.

Tədbirə giriş və müsabiqədə iştirak üçün biletlərin satışından, eləcə də yarmarkada həyata keçirilən satışlardan əldə olunan ümumi vəsait BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirdiyi layihənin maliyyələşdirilməsinə sərf olunacaq.

AZƏRTAC