Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
Sosial həyat

Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev aprelin 28-də Ağstafa Rayon Prokurorluğunun inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıb.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 23 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Ağstafa, Qazax və Tovuz Rayon prokurorluqlarının işçiləri ilə görüş keçirib. Görüşdə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

AZƏRTAC