Baş prokuror Şəmkir rayonunda vətəndaşlarla görüşüb
Digər xəbərlər

Baş prokuror Şəmkir rayonunda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 7-də Baş prokuror Kamran Əliyev Şəmkir Rayon Prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıb.

Kamran Əliyev qəbulda iştirak edən 30 vətəndaşın müraciətlərində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Sonra Baş prokuror Gədəbəy və Daşkəsən Rayon, eləcə də Şəmkir Hərbi prokurorluqlarında olub, əməkdaşlarla görüşlər keçirib. Görüşlərdə prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.

AZƏRTAC