Baş Prokurorluğun əməkdaşları Tvinninq layihəsi çərçivəsində Litvada tədris turunda iştirak ediblər
Digər xəbərlər

Baş Prokurorluğun əməkdaşları Tvinninq layihəsi çərçivəsində Litvada tədris turunda iştirak ediblər

"Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-dan iyunun 3-dək layihə üzrə tərəfdaş ölkə olan Litvada tədris turunda iştirak ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Litvanın aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilib.

Mayın 30-da Tvinninq layihəsi üzrə əsas tərəfdaş Litva Respublikasının Xüsusi İstintaq Xidmətində (STT) görüş keçirilib və Xidmətin fəaliyyəti haqqında məlumat verilib. Gün ərzində Xidmətin analitik cinayət araşdırması, aktivlərin bərpası üzrə məlumat bazalarından istifadənin praktiki və hüquqi aspektləri və "BIG data" məlumat bazasının (Xidmətə aid ümumi məlumat baza) təhlili, maliyyə istintaqının praktiki aspektlərinə dair təqdimatlar edilib. Təqdimatda "BIG data" məlumat bazasının işləmə prinsipi və digər informasiya resurslarından faydalanma mexanizmi yaxından öyrənilib və digər fəaliyyət istiqamətləri barədə tərəfdaş qurumun əməkdaşları ilə geniş müzakirələr aparılıb.

Mayın 31-də Litvanın Maliyyə Cinayətlərinin İstintaqı Xidmətində əmlakların müəyyənləşdirilməsi, izlənilməsi və müsadirəsi (nümunələrin təhlili), mülki müsadirə haqqında qanunun tətbiqinin praktiki və hüquqi aspektləri, əmlakların müəyyən olunmasında analitik proqram təminatı, məlumat bazaları və IT alətlərindən istifadə və çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması (risklərin idarə edilməsi sistemi, məlumatların təhlili, maliyyə qurumları ilə əməkdaşlıq) mövzusunda ekspertlər tərəfindən təqdimatlar nümayiş olunub.

İyunun 1-də Litva Dövlət Vergi Müfəttişliyində keçirilmiş görüşdə təhlil, modelləşdirmə və risklərin idarə edilməsi üzrə mükəmməllik mərkəzi, müsadirə olunmuş əmlakların satış prosedurları və praktiki aspektləri mövzusunda çıxışlar edilib, istifadə olunan bazalar nümayiş etdirilib.

İyunun 2-də günün birinci yarısı Litva Cinayət Polisi Bürosunda əmlakların aşkarlanması üzrə CARIN, SIENA ilə əməkdaşlıq formalarına dair məlumatlar əldə olunub. Görüşdə ilk olaraq Əmlakların Bərpası şöbəsinin təqdimatı və məlumat mübadiləsi və beynəlxalq əməkdaşlığı təmin etmək üçün hüquqi və IT alətləri barədə təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin Litvanın Ali Məhkəməsinə təşkil edilmiş səfər zamanı məhkəmənin əmlakın müsadirəsi ilə bağlı işlərin araşdırılması və icraatında rolu barədə edilmiş təqdimat ətrafında geniş müzakirələr aparılıb.

Səfərin sonuncu günündə - iyunun 3-də Litva Baş Prokurorluğuna təşkil edilmiş görüşdə "Əmlakların bərpası sistemində Prokurorluğun rolu" və "Cinayət işlərində qanunsuz varlanma və müsadirə elementlərinin tətbiqinin praktiki aspektləri" mövzusunda təqdimatlar nümayiş etdirilib.

Keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqlarımızı azad etməsinə dair məlumat verilib. Həmin qurumlara Baş Prokurorluq tərəfindən hazırlanan və 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Qarabağ Azərbaycandır" nəşri təqdim olunub.

AZƏRTAC