Belçikanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Siyasət

Belçikanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Mişel Pitermansın etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov səfir Mişel Pitermansı təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Belçika arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edib. O, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən bəhs edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 44 günlük Vətən müharibəsi, üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədəki mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Səfir Mişel Pitermans öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunmasından məmnunluq hissi keçirdiyini bildirib. Səfir iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan ilə Belçikanın iqtisadi, ticarət, kommersiya və təhsil sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub, qarşılıqlı tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər Azərbaycan ilə Belçika arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC