Bir ailənin oğlu, bir elin fəxri
Sosial həyat

Bir ailənin oğlu, bir elin fəxri

İkinci Qarabağ savaşı, Vətən müharibəsindən sonra Azərbaycandakı Şəhid xiyabanları yenidən sıralandı, çiçəklər də, ömürlər də, yaşlar da təzələndi. Bu sıralarda Mingəçevirin şəhidi, 7 ay 10 gündən   sonra nəşi  ailəsinə təhvil verilən  Pərviz  Hafiz oğlu Tağıyev də  dəfn olundu...

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan Pərvizin valideynləri ilə görüşdük. Bu xəbərdən təkcə ailə deyil, bütün şəhər sarsılmışdı. Hamı onun tapılması üçün qurban deyir, nəzir edirdi. Gənc olmasına baxmayaraq, Pərviz  ailəsinə, valideynlərinə və hər kəsə gözəl davranışına, sağlam xarakterinə görə böyük hörmətə layiq idi, hər kəs xətrini çox istəyirdi. Pərviz  Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olmuşdu. Anası  Gültəkin xanımın, atası Hafiz kişinin göz yaşları bulaq kimi qaynasa da, neyniyək, təki Vətən yaşasın, Vətən sağ olsun, deyirlər. Şəhid ataların beli bükülsə də, anaların ürəyi yansa da, göz yaşları qaynayıb içinə axır, sağlam dayanır  qara dərdin qarşısında, cavan gəlinlər qaralar bağlasa da: "Övladımız atasız böyüyər, Vətənsiz böyüməz" dedilər.

 Bizimlə birlikdə ailədə olan ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov şəhər icra hakimiyyəti başçısı İlham İsmayılovun  adından  şəhidin ailəsinə başsağlığı verib, ailəsinə və qohumlarına səbirlər dilədi. Və bildirdi ki, “müharibədə  gənclərimizin necə bir vətənpərvər oğullar olduğunun şahidi olduq. İndi belə oğullarımızın sayəsində  Qarabağımızda bayrağımız  qürurla dalğalanır”.

 Pərviz  sağlığında həmişə deyərdi: “Sən sağ olasan, Vətən!”. Pərvizin atası Hafiz Tağıyev  bizimlə söhbətində  belə dedi: “Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Oğlum Vətən uğrunda şəhid oldu. Özü qürurlu bir gənc idi. Həmişə deyərdi ki, biz oğullar vətən üçün sipər doğulmuşuq, şəhid olsam ağlamayın”.

Hafiz ata  min əziyyətlərlə böyütdüyü oğluna nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışırdı.

Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan Gültəkin ana deyir,  Pərvizlə hər bir dərdimiz ortaq idi. Fədakar, qoçaq bir övlad idi. Həmişə deyirdi ki, şəhid olmaq istəyirəm, amma qorxuram anam buna dözməyə.  Əsgər yoldaşları  Pərvizin cəbhədə göstərdiyi igidliklərdən danışanda yenidən Pərvizimi  gözlərimin önündə canlandırıram. Döyüşlərin ilk günündən  ən ağır əməliyyatlarda iştirak etmişdi. Yoldaşları deyir ki, Pərviz erməniyə güllə atmağa aman vermirdi. Mənimlə telefonda danışanda da yüksək əhvali-ruhiyyədə olurdu. Ona özündən muğayat olmağı tapşırırdım, narahat olma, deyirdi, bir də ki, alnıma nə yazılıbsa, o da olacaq. Pərviz idmançı idi, çox cəld, çevik uşaqdı.  Oğlumla sonuncu dəfə  danışdım, ondan sonra əlaqəmiz olmadı. Pərviz Aprel döyüşlərində də iştirak edib. İki-üç gün mühasirədə qalsalar da yenə düşmənə qalib gəlmişdilər.

Çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha böyük hədəfləri vardı. Bu sözləri bizimlə söhbətində Pərvizin xalası Qeys xanım Muxtarova  deyir: “Qanlı bir  müharibədə gənclərimiz  bir anda arzuları ilə birgə əbədiyyət yolçusu oldular. Pərviz bir ailənin oğlu idi, bir Vətənin fəxri oldu. Ölümü qorxu ilə deyil, məğrurcasına qarşıladı.
Bütün qohumların, qonşuların sevgisini qazanmışdı. 7 ay bunlarla birgə ağladıq, yol gözlədik, hamımız Pərvizin sağ olduğuna ümid edirdik. Çünki biz bilirdik ki, Pərviz düşmənə can verən oğul deyildi. İnana bilmədik sona qədər onun ölümünə. O qədər qürurlu, o qədər nurlu bir övlad idi ki... İndi deyirəm ki, biz bilməmişik bu uşaq imam övladı imiş. Ona görə də getdi əbədiyyətə qovuşdu. Balamız bir evin oğlu kimi getdi, amma bir elin oğlu kimi qayıtdı. Mən Pərviz haqqında böyük bir kompozisiya  da yazmışam, nə vaxtsa qismət olarsa, bizim bu kompozisiya da işıqlanar. Həmin kompozisiyadan iki kəlmə ana-oğul səhnəsindən söyləmək istərdim.- Of yandı bağrım başı, odlandı bağrım başı, ölənəcən qurumaz ay ellər, gözümün yaşı... Şəhid balamız isə deyir:- Alışma, yanma ana, mən vətən qurbanıyam, ölməmişəm şəhidəm, dillərin dastanıyam... Doğurdan da bizim Pərviz dillərin dastanıdır. Azacıq təsəllini onunla tapırıq, yoxsa biz bu həyata Pərvizsiz sarıla bilmərik.Yəni Pərviz tək valideynləri üçün yox, bütün nəsil üçün əziz idi. Böyük bir xalq üçün başucalığıdır Pərviz”.

 Qeyd edək ki, Pərviz Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub.  7 ildən artıq hərbi hissədə qulluq edən Azərbaycan Ordusunun əsgəri Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın Silahlı Qüvvələri  tərəfindən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda  savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də  Suqovuşan döyüşləri  zamanı şəhid olub.

Onun nəşi 7 ay 10 gün  tapıla bilməyib. Müdafiyə Nazirliyi  tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və  şəhid Pərviz Tağıyevin Azərbaycan bayrağına bükülmüş tabutu Mingəçevir Şəhidlər Xiyabanına gətirilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, əsgərlər yaylım atəşi açıblar. Bundan sonra şəhid torpağa tapşırılıb, tabuta bükülmüş bayraq isə əbədi saxlanmaq üçün ailəsinə təhvil verilib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Mingəçevir 51 şəhid verib.

Pərviz Hafiz  oğlu Tağıyev  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın  azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Pərviz sonsuzadək ürəklərdə yaşayacaqdır!

Zabit XƏLİLOV,

“Respublika”.