Biz bu torpaqların sahibiyik
Siyasət

Biz bu torpaqların sahibiyik

Bayrağımız əzəmətlə dalğalanan Laçında da bərpa-quruculuq işləri vüsət alır

"Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır". Bu sözləri Azərbaycan  Prezidenti  İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

Ölkə başçısı qeyd edib ki, Laçın şəhəri, bütünlükdə Laçın rayonu  da  işğal altında olmuş, başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni barbarlığının təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri, bütün kəndlərimiz də. Ermənilər 30 il ərzində  torpaqlarımızı ancaq istismar edir, təbii sərvətləri talayır, evləri dağıdır, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq,  ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.

Bədnam qonşumuz uzun illər Azərbaycan ərazilərini işğal altında saxlamaqla heç zaman onun gözlədiyi siyasi nəticələrə nail ola bilməyəcəyini, status-kvonun qəbul edilməyəcəyini dərk etmədi. Halbuki, düşmən anlamalı idi ki, bölgənin, eləcə də özünün demokratik, sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, ilk növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunmasından, işğal amilinin aradan qaldırılmasından, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Qarabağ və ətraf bölgələrdəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmaları iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yarada bilər.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilib, hətta qəbir daşları belə yerindən çıxarılıb. Bu vandalizm aktları azad olunan ərazilərin video və fotogörüntülərində aydın əksini tapıb. Beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da qeyri-qanuni fəaliyyət göstərdi, coğrafi adları saxtalaşdıraraq, rayonun təbii resurslarını taladı, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirdi, burada məqsədyönlü məskunlaşma siyasəti apararaq bölgənin demoqrafik tərkibini dəyişdirdi. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq aləmin bu məsələyə laqeyd münasibətindən yararlanıb işğal siyasətini davam etdirdi, yeni ərazilər ələ keçirmək üçün təxribatlar törətdi.

Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamış bu  məkrli qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmədi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan tərəfi Laçın dəhlizinə paralel yeni yolun tikintisini həyata keçirdi və Ermənistan tərəfindən Laçında qanunsuz olaraq məskunlaşdırılan ermənilərə şəhəri, eləcə də dəhliz üzərindəki 3 kəndi boşaltmaq üçün avqustun sonunadək vaxt verdi.    Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparan Ermənistan indi həmin şəxsləri köçürməyə məcbur oldu. Ərazini tərk edən ermənilər isə meşələri, əkin sahələrini və hətta evləri yandırır, üstəlik bu vandallığı videoya çəkib sosial şəbəkələrdə paylaşırdılar. Ermənilər bu əməllərini kəndin Azərbaycanın nəzarətinə qayıtması ilə əsaslandırır və evlərin türklərə qalmaması üçün belə etdiklərini deyirdilər. Bu onu göstərir ki, 30 il keçməsinə baxmayaraq, erməni xisləti yenə də öz işini görür, çünki Ermənistanın siyasətinin mərkəzində terrorçuluq dayanır və bu terrorizm də Azərbaycana qarşı həyata keçirilməkdədir. Erməni vəhşiliyi yenə də dəyişməyib, tam əksinə, onlar nə qədər mümkündür, şəhərlərimizə, ekologiyamıza, evlərimizə zərər vururlar. Erməni vandallığını  hamı görür, buna baxmayaraq, beynəlxalq ictimaiyyətin hələ də  susqunluğu təəssüf doğurur.

Sentyabrın 21-də Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı "Laçın" Qovşaq Yarımstansiyasının təməlini qoyub. Qeyd edək ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Laçın rayonunda yeni hava limanı inşa edilir.

Ötən ilin  avqust ayında  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Belə ki,  burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində 2400 metr uzunluğunda olan Laçın Beynəlxalq Hava Limanına giriş tunelinin inşası ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 76,3 kilometr uzunluğa malik Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam edir. Murovdağdan Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir.

"İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər". Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

Tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaratmaqla dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışının təməlini qoymuşdur. Torpaqlarımız işğaldan azad olunsa da, böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması üçün ciddi əngəl olaraq qalmaqdadır. Buna baxmayaraq, dövlət başçısı əminliklə bildirir ki, vaxt gəlib çatıb, biz Laçın şəhərini bərpa edəcəyik. Artıq buna hazırlıq işləri görülür. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Maksimum iki ilyarıma yeni yollarla Göygöldən Murovdağın altı ilə insanlar gəlib burada  yaşayacaqlar.

Mustafa KAMAL,

"Respublika".