Biz o yerləri öyrənməliyik…
Mədəniyyət

Biz o yerləri öyrənməliyik…

Sevimli şair-dramaturq, publisist, bütövlükdə ədib, ictimai-siyasi xadim, Əməkdar incəsənət xadimi Hidayətin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Burdan min atlı keçdi" pyesi tamaşaya qoyulmuşdur.

Ömür yolundan min atlı keçən Hidayətin eyniadlı bioqrafik romanı əsasında Xalq artisti Firudin Məhərrəmovun hazırladığı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında "Burdan min atlı keçdi" tamaşasına baxdıq. Pyesdəki hadisələr tamaşaçıları ötən əsrin sonlarına aparmışdı. Əslində bu hadisələr neçə əsrlər öncə başlanan planlaşdırılmış olaylardır.

"Burdan min atlı keçdi"nin jurnal variantının ("Azərbaycan") əl-əl gəzdiyinin canlı şahidiyəm. Romanda müəllif həyatı boyu yaşantılarını, tarixin acı həqiqətlərini yazıya gətirmişdi. O zaman çox böyük əks-səda doğuran əsərdə 1988-ci ilə qədər, xüsusilə 60-80-ci illərdəki Ermənistan mühiti, orada soydaşlarımıza qarşı həyata keçirilən deportasiyalar, təqiblər, hüquqlarının pozulması və türksüz Ermənistan yaradılmasının bu mərhələsi ilk dəfə təqdim edilir, təsvir olunurdu.

Romanın ağrılı hissələrini dəfələrlə oxuduğumdan bəzi yerləri indi də yadımdadır: "Mığrı stansiyasında qatara minib, "Sovet Ermənistanı" qəzetinin dəvətiylə İrəvana getdim. Heyranlıqla, həyəcanla, narahatlıqla dolu o bahar gecəsini indiki kimi xatırlayıram. Arazın qırağıyla gecənin qaranlığında ötüb-keçdiyim doqquz saatlıq o yol yaddaşıma və qəlbimə unudulmaz səfər kimi həkk olunub və mənə həmişə elə gəlib ki, ömrümdə ən uzun, ən maraqlı, həm aydın, həm də naməlum bir iqlimə üz tutub qeyri-adi səfərim - Zəngəzur! Qatarın o gecəki doqquz saatlıq yolu... Sonralar neçə yol uzun yollara çıxmışam, neçə gecə qatarda, təyyarədə yatmışam, amma o bahar gecəsinin, Arazın səsinin, tutqun ay işığındakı aydınlığın və kölgələrin tayı olmayıb heç biri.

…Arazın qırağıyla, dədə-baba yurdum ulu Naxçıvan torpağıyla!

O tay da Azərbaycan,

Bu tay da Azərbaycan!

Çayın bu tayında dayanıb o tayın daşlarına, ensiz dağ yollarıyla gedən karvanlarına saatlarla tamaşa etmişəm, nədənsə həmişə mənə elə gəlib ki, o yollar yalnız Təbrizə gedir, Təbrizə gedir, Təbrizə!..

Nə xoş ki, indi o yollar Təbrizə gedir.

Nə yazıq ki, o yollar hələ İrəvana gedə bilmir.

Hidayətin ağrılı yaşantılarını yazanda özümlə bağlı bir nisgil ürəyimi sancır. 1992-ci ilin mayında Təbrizə yetişəndə ata-baba yurdum Şuşa əlçatmaz idi.

Nə xoş ki, Şuşa yenə də gözəlliklər məskənidir, mədəniyyət paytaxtıdır. Ali Baş Komandanın rəhbərliyilə qəhrəman ordumuzun qeyri-adi cəngavərliyi sayəsində əldə olunan qələbəni Tanrı xalqımıza çox görməsin.

Əsərin baş qəhrəmanı Ədib - pyesin müəllifi Hidayətin özüdür. Pyesin İrəvan Dram Teatrında səhnəyə qoyulması heç də təsadüfi deyil. Hidayət bu teatra 24 yaşından düz 16 il rəhbərlik etmiş və İrəvan teatrı o zaman Azərbaycanın milli-mənəvi mərkəzinə çevrilmişdi. O vaxt Qərbi Azərbaycanın ziyalıları, azad fikir sahibləri, bütün yaradıcı insanlar Hidayətin ətrafında birləşmişdilər. Görüşlər keçirilir, müzakirələr aparılırdı. Teatrın direktoru eyni zamanda Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasının sədri olmaqla, həm də Azərbaycan yazıçılarının çap olunan əsərlərinə bir növ cavabdeh idi. Şurada ədəbi materiallar redaktə olunur, tematik planlara salınırdı. Hətta Azərbaycan yazıçılarının erməni dilində çap olunan əsərləri də bu şuranın qərarı ilə tematik plana salınırdı.

Hidayət o illərdə teatrda təkcə direktor deyil, həmçinin əsl işi ilə - yaradıcılıqla məşğul idi. 90-cı illərdə təvazökarlıqla yazdığı kimi: "Mənim nəyim vardır qələmdən özgə?!".

Tamaşanın baş qəhrəmanı Ədib - Hidayət Orucov İrəvanda yaşadığı illərdə bir azərbaycanlı olaraq hər zaman baş rolda olub. Elə tamaşada da bunun şahidi oluruq. Ədib yaşantılarını qələmə alaraq səhnələşdirib. Həm də qədim Azərbaycan dövlətçiliyini təbliğ edən faktların dili ilə.

Tamaşada Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Robert Xaçaturyanla (Əməkdar artist Sərvər Əliyev) Ədibin (Natiq Həziyev) söhbətləri elə ilk səhnədən alınmır. Katib məkrli, ibnəli, ironiyalı sualları ilə Ədibi sındırmaq, susdurmaq istəyir. Suallarından biri onun hansı mövzularda şeir yazmasıdır.

Cavan oğlanın cavabı onu çaşdırır: "Həyatdan, insandan, daşdan, torpaqdan. Lap elə o stolunuzun üstündəki şahmat taxtasından".

"Şahmat taxtasından şeir?" - sualına Ədib "Bəli, şahmatı vaxtilə filosoflar oynayıb. Şeir, poeziya isə fəlsəfənin bir predmetidir" cavabını verir.

Gələn görüşlərdə katib Ədiblə şahmat oynamağı da təklif edir. O, məmnuniyyətlə razılıq verir.

Katibin xəyalında isə Bakıda erməni teatrı açmaq ideyasını həyata keçirməkdir. Katib Ədibi Mədəniyyət naziri ilə də görüşdürməyi planlaşdırır. Nazirin katibəsi ilə bu barədə danışanda gözəlçə erməni xislətli etirazını bildirir: bu türklərə üz vermək lazım deyil.

Bir də ki, nəyə lazımdır İrəvanda Azərbaycan teatrı?.. Nazir də, məmurlar da, gözəlçənin özü də Azərbaycan teatrının İrəvanda aparıcı qüvvə olduğunu yaxşı bilirlər. Bacardıqları qədər mane olmağa çalışırlar.

Bir qədər sonra səhnədə uca bir məkanda Heydər Əliyevin obrazı görünür. Ermənistan KP MK-nın Birinci katibi Anton Koçinyan (Məhərrəm Musayev) Heydər Əliyevi Azərbaycan KP MK-nın Birinci katibi seçilməyi münasibətilə təbrik edir. Heydər Əliyevin ilk sualı "bizim ellər yerindəmi?" olur. Sonra İrəvandakı soydaşlarımızın vəziyyətini soruşur. Daha sonra sualı teatr kollektivinin problemləri barədə olur. Koçinyan gözləri bərələ-bərələ bütün suallara cavab verir. Heydər Əliyev teatrla bağlı "yəni, bütün problemlər həll olunub?" soruşanda, "təkcə bina məsələsi qalıb" söyləyir.

Heydər Əliyev isə "əgər imkanınız yoxdursa, biz gələk öz hesabımıza bir bina tikib verək onlara" deyir.

Birinci katib Heydər Əliyevlə şəxsən görüşmək üçün onu İrəvana dəvət edir. Heydər Əliyev vaxt olmadığına görə Bakıda və ya İrəvanda yox, sərhəddə - Dilican dərəsində görüşməyi planlaşdırır.

Koçinyan Heydər Əliyevlə telefon danışığından sonra həyəcandan tərini silir, fikirlərini köməkçisi ilə bölüşür - çox zəhmli səsi var. Bu vurhavurda teatrı soruşur. Biz torpaq hayındayıq, o isə... Biz gərək elə edək ki, köhnə birinci katiblə razılaşmamız qüvvədə qalsın. Xeyli torpaqdır - Naxçıvan, Qazax, Gədəbəy... Amma ürəyimə damıb ki, çox qəliz adamdır. Təhlükəsizlik orqanlarında çalışıb. Çekistdir. 46 yaşı var. Əslən ermənistanlıdır. Zəngəzurludur. Sisyandandır. Bu yerlərin tarixini dərindən bilənə oxşayır. Görək də...

Tamaşada Ermənistan Mədəniyyət nazirinin obrazı da (Elnarə Heydərova) erməni xislətini açmaq baxımından maraqlı alınıb. O mənada ki, o da Azərbaycan teatrının uğurlarını qısqanır. Kollegiya iclasında erməni teatrının direktorunu danlayır. Ədibi təbrik edəndə telefon səslənir. Azərbaycan teatrında gedən "Arşın mal alan" tamaşasına bilet istəyirlər.

Nazir - dostum, sizin kollektivə bir az paxıllığım tutur - söyləyir. Ədib nazirin paxıl damarını təbii saydığını söyləyir. Nazirsə xain xislətinə xas olaraq teatra heç vaxt bina verməyəcəyi ilə ürəyini soyudur.

Ədibin təəccübünə məmur yenə paxıllıq hissi ilə cavab verir: "Binasız da olsanız, sizin teatr İrəvanın ən qüdrətli teatrına çevrilməkdədir. Siz neçə məşhur teatr zənginliklərini bir-birinə qovuşdurmusunuz. Odur ki, bu uğuru erməni gözü heç vaxt götürməz. Ədib də "erməni ki, erməni" deyib onu cavablandırır.

Ədib tamaşa boyu çoxları ilə üz-üzə gəlir. Şübhəsiz, bu görüşlər xoş sonluqla bitmir. Hərənin qarşısında bir tələb qoyur. Aktyorların mənzil məsələsi də ən ağrılı problemlərdəndir. 50 min ermənini qətlə yetirən xalq qəhrəmanı Babəkin obrazını səhnədə yaşatmaq üçün mübarizələrə sinə gərməli olur və s.

Ulu öndərin obrazı isə tamaşada da özünəməxsusdur. Heydər Əliyevin - İftixar Piriyevin səsi, gülüşü, danışığı o qədər təbiidir ki, insan özünü ulu öndərlə üzbəüz hiss edir.

Dramaturq Heydər Əliyevi Sov.İKP MK-nın katibi Mixail Suslovla da (Əməkdar artist Nazir Rüstəmov) görüşdürür. Heydər Əliyev Mixail Suslova Qarabağ həqiqətləri barədə məlumat verir. Dağlıq Qarabağda Sovet hakimiyyəti qurulmasının 50 illiyini erməni xalqı ilə birgə qeyd edəcəklərini söyləyir. Suslovu da bu tədbirə dəvət edir. Sov. İKP MK-nın katibi razılığını bildirir. Belə tədbirlərin sovet xalqı üçün əhəmiyyətli olduğunu söyləyir və ehtiyatlı davranmağı, milli, siyasi motivlərə yol verməməyi də tapşırır.

Mixail Suslovun obrazı da maraqlı alınıb. Koçinyan Heydər Əliyevi gözdən salmaq üçün çox yalanlar uydurur. Söyləyir ki, Sov. İKP MK-nın baş katibi Leonid İliç Brejnev Heydər Əliyevin verdiyi bütün məlumatlara gözüyumulu inanır. O sanki Brejnevi hipnoz etmişdir.

Suslov isə Koçinyanı susduraraq - Heydər Əliyev yalnız qazandığı uğurlarla Leonid İliçi hipnoz edə bilər, - söyləyir.

Müəllif Ədibi o zaman Azərbaycan KP MK-nın Birinci katibi Kamran Bağırovla (Əmrulla Nurullayev) da qarşılaşdırır. Ədib həmin vaxt Bakıda "Gənclik" nəşriyyatında baş redaktor işləyirdi. Baş redaktor Birinci katibə 38 il Ermənistanda yaşayıb, müxtəlif vəzifələrdə işlədiyindən erməni xislətinə yaxşı bələd olduğunu söyləyir. Ölkə rəhbərini inandırmağa çalışır ki, bu hadisələrin qarşısı bu gün alınmasa, sabah bu xəmir çox su aparacaq. Vilayət Partiya Komitəsinin Birinci katibini dəyişməklə heç nə dəyişməyəcək.

Bu söhbəti eşidən bir erməni yazıçısı Ədibə yaxınlaşır, onu yaxşı tanımadığını bildirir. Erməni də olsa, öz xalqının azğınlaşdığını pisləyir. Bu işlərin axırının yaxşı qurtarmayacağını deyir. "Sizin rəhbərlik gərək buna yol verməyəydi", - deyir.

Ədib həmkarının sözünü təsdiqləyir. Söyləyir ki, burada cəsarətli addım atmaq lazım idi. Kamran Bağırov bunu bacarmadı. Bu cəsarətli addımı isə yalnız Heydər Əlirzaoğlu ata bilərdi. Əgər burada olsaydı, çoxdan tribunaya çıxıb nitqi ilə, sözü ilə şər yuvasını dağıtmışdı. Təəssüf ki, o da burada yoxdur.

Tamaşada mənim üçün ən unudulmaz məqamlardan biri Heydər Əliyevin sözlərini xatırlatmaq oldu. Aktyorun inandırıcı səsi insanı kövrəldir: "Mən Moskvaya gedəndə Kamran Bağırova üç məsələni tapşırmışdım. 1) Çalış büroda milli həmrəylik olsun. 2) iki-üç nazir var (adlarını da demişdim) yarıtmırlar, dəyiş. 3) Əlində yağın daşsa da, hər gün gözün Qarabağın üstündə olsun. Bu işlərlə məşğul olmağa vaxt ayır".

Təəssüf ki, bu tapşırıqlara əməl olunmadığından başımız bəlalara məruz qaldı.

Hidayətin "Burdan min atlı keçdi" kitabı bu arzularla bitir:

- Biz o yerləri öyrənməliyik. O dəhşətləri, faciələri bugünkü nəsillərə, gələcəyə çatdırmalıyıq.

- soyqırımların, repressiyaların, təcavüzlərin təkrar olunmaması üçün;

- itirdiklərimizi qaytarmaq üçün;

- Azadlığımızı qaytarmaq üçün!

Tamaşa isə nikbin sonluqla bitir. Heydər Əliyevin səsi gəlir - Azərbaycan xalqı heç vaxt yad torpaqlara göz dikməmişdir. Ancaq tarix boyu torpaqlarımızın böyük bir hissəsi təcavüzkarlar tərəfindən işğal olunmuşdur. Xalqımız işğal olunmuş torpaqlarımızı özümüzə qaytaracaq, ərazi bütövlüyünü mütləq bərpa edəcək!

Dərhal Prezident İlham Əliyevin bu sözləri səsləndirilir: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Gözün aydın olsun, Azərbaycan! Əziz Şuşa, sən azadsan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Sevda ƏLİBƏYLİ,

 "Söz" jurnalının baş redaktoru.