Bölgədə sülh Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında reallaşacaq
Sosial həyat

Bölgədə sülh Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında reallaşacaq

Avropa Parlamentinin Azərbaycana qarşı obyektivlikdən uzaq yeni qətnaməsi erməni lobbisinin mənafeyinə xidmət edən qurumun himayədarlığını nümayiş etdirir. Bununla yanaşı, Ermənistanın rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərimizdə törətdiyi təxribatlar, erməni separatçılarının silahlanması sülh prosesinin ləngiməsinə  yol açır. Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev fikir bildirdi:

- Biz dəfələrlə beynəlxalq qurumların Ermənistanı dəstəkləmək məqsədilə Azərbaycan əleyhinə bəyanatlar verdiyinin qətnamələr qəbul etdiyinin şahidi olmuşuq. Əsas reallıq bundan ibarətdir ki, bu sənədlər vasitəsilə Ermənistan dəstəklənsin "sizi tək qoymuruq" fikri formalaşdırılsın. Beynəlxalq aləm yaxşı bilir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü BMT-nin 4 qətnaməsini rəhbər tutaraq bərpa etmişdir. Bunun nəticəsidir ki, bu gün dövlətimiz işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirir. Postmüharibə dönəmində Azərbaycan sülhün təmin olunması üçün real addımlar atmaqdadır. Moskva, Soçi, Brüssel Praqa görüşləri zamanı Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirmişdir. Bunun əksinə olaraq, Ermənistan dəfələrlə bu görüşlərdən sonra təxribatlara əl atmış, sülhə kölgə salmış, proseslərin həllini uzatmışdır. Azərbaycan yalnız bu təxribatların qarşının alınması istiqamətində tədbirlər görmüş, sülh prosesini ləngidəcək hər hansı bir aktda iştirak etməmişdir.

Avropa Parlamenti tərəfindən qəbul edilməsi planlaşdırılan hər hansı bir qətnamə sülh prosesinin həllinə heç bir fayda verməyəcək. Bu, yalnız proseslərin uzanmasına, Ermənistanın sülhdən yayınmasına xidmət edəcəkdir. Artıq Avropanın Ermənistan ərazisinə müşahidəçi missiyasını göndərməsi bundan xəbər verir. Sərhədlərimizdə aparılan müşahidələr Ermənistanı daha da həvəsləndirdi onların ümidlənməsinə şərait yaratdı. Bu səbəbdən, Avropa Parlamenti digər beynəlxalq təşkilatlar anlamalıdırlar ki, proses Ermənistan Azərbaycan arasında ikili çərçivədə öz həllini tapmalıdır. Digər tərəfdən, dövlətimiz Qarabağdakı yerli icmalar ilə görüşmüşdür ki, bu da reinteqrasiya üçün önəmli addımdır. Lakin Avropa Parlamentinin Ermənistana havadarlığı bu prosesə kölgə salır.

Bununla yanaşı, beynəlxalq təşkilatlar bilirlər ki, üçtərəfli Bəyanatın müddəalarına əsasən rus sülhməramlıları bu ərazilərə daxil olduğu andan etibarən qanunsuz erməni silahlı dəstələri əraziləri tərk etməli idi. Lakin bu günə qədər bu, baş verməyib

Biz sülhə gedən yolda maneələrlə qarşılaşırıq separatçılar hələ silahlanmağa davam edirlər. Lakin istənilən halda beynəlxalq aləm bunu anlamalıdır ki, sülh Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Unudulmamalıdır ki, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Silahlı Qüvvələri vətəndaşlarımızı bölgənin təhlükəsizliyini təmin etmək məqsədilə baş verə biləcək təxribatların qarşısını almaq üçün tam hazırlıqlıdır.

Nurlan ABDALOV,

"Respublika".