Bolqarıstan qəzeti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərindən yazıb
Digər xəbərlər

Bolqarıstan qəzeti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərindən yazıb

Bolqarıstanın nüfuzlu “24 Chasa” qəzetində bu ölkənin Milli Televiziyasının aparıcısı, tanınmış jurnalist Georgi Milkovun “Qarabağ - Qafqazın “qara” bağı minalardan və keçmişindən təmizlənir” sərlövhəli geniş məqaləsi dərc olunub.

Ölkəmizin Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Qarabağın bir zaman çiçəklənən şəhərlərinin, o cümlədən Azərbaycanın rəmzi hesab olunan Şuşanın erməni işğalı nəticəsində viran edildiyi, bu ərazilərdə ermənilər tərəfindən külli miqdarda minanın basdırıldığı vurğulanır.

Vətən müharibəsi barədə məlumat verən G.Milkov 44 günlük döyüşlər zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərində heç bir hərbi infrastrukturun mövcud olmadığı ərazilərə Ermənistan tərəfindən xaincəsinə müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində 26 yerli sakinin öldürüldüyünü, 130 nəfərin yaralandığını və çoxlu sayda mülki obyektin dağıdıldığını diqqətə çatdırır.

Məqalədə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə ətraflı məlumat verilir, burada hava limanının, dəmir və avtomobil yollarının tikildiyi, eləcə də digər lazımi infrastruktur layihələrinin sürətlə həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, aparılan işlər bölgədə davamlı sülhün və inkişafın əsasını təşkil edir. Bu xüsusda, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının regionun bütün dövlətləri üçün faydalı olacağı vurğulanır.

AZƏRTAC