Digər xəbərlər

"Böyük Qayıdış"ın sevinc əks-sədası

Otuz illik həsrətə qırx dörd gündə qovuşan arzular

Otuz ilə yaxın göz yaşları gündüzlər ürəklərinə, gecələr üzlərinə axan, torpaqları erməni vandallarının işğalında olan insanlar o arzuların həsrəti ilə yaşayırdılar. Nəhayət, o həsrətə, o göynərtilərə son qoyulub. Qarabağ torpaqlarına yeni nəfəs gəlib, yenidən bu ocaqlar əsarətdən qurtulan qucaqlarını doğma övladlarına açıb. O qucağın istisinə tələsənlər bu gün respublikamızın müxtəlif guşələrində məskunlaşıblar. Ordumuzun rəşadəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qüdrətli siyasəti sayəsində qırx dörd gündə qazanılan qələbə ilə işğaldan azad olunan torpaqlarda indi geniş miqyasda quruculuq, tikinti işlərinə başlanıb. Qarabağın gözü, bütün dünyaya səs salan ən gözəl guşələrindən olan Ağdamdakı böyük canlanma, coşğunluq da bunu aydın göstərir. Bütün ölkə, o cümlədən öz doğma ocaqlarından didərgin düşənlər bu coşqunluğa, qaynarlığa, işgüzarlığa hamılıqla qoşulub. Bir sözlə, işğaldan azad olunan Qarabağ torpaqlarına başlanan “Böyük Qayıdış”ın doğurduğu sevincin əks-sədası hər yandan eşidilir. Aşağıda bu sevincli günləri yaşayan  Ağdam sakininin  ürək sözlərini təqdim edirik.

Tahir Məmmədov: Ağdam Rayon İcra Hakimiyyətinin Oğuz rayonunda olan səlahiyyətli nümayəndəsi:

Bəli, bu sevincdən bütün məcburi köçkünlər kimi, biz ağdamlılara da böyük pay düşür. Biz hədsiz sevinirik, amma kədərlərimiz də olmamış deyil. Öz gözəlliyi, var-dövləti, bol sərvətləri ilə dünyanı heyran qoyan Qarabağımızda olan rayonlarımızın hamısının, o cümlədən sakini olduğum Ağdamın erməni vandalları tərəfindən başdan-başa darmadağın edilməsidir bizi kədərləndirən. “Böyük Qayıdış”a hədsiz sevinirik. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük səyi ilə indi o torpaqlarda, o cümlədən Ağdamda aparılan quruculuq işləri bir daha göstərir ki, dövlətimiz öz qüdrətini, gücünü dünyaya nümayiş etdirir, öz cəsarətini, dönməzliyini əməli fəaliyyəti ilə təsdiqləyir. Demək olar, yerlə yeksan edilən Ağdam indi daha yaraşıqlı, daha möhtəşəm qurulur. Prezidentimiz Ağdamda olarkən etdiyi çıxışlarının hamısında bu fikirləri dönə-dönə vurğulamış, bu yerlərin yenə dünyanın ən gözəl məkanı olacağını bildirmişdir. Dövlət başçısının bu sözləri, bu diqqət və qayğısı bizim otuz il yanıb yaxılan ürəklərimizə böyük təskinlik gətirir, yeni qurulan Ağdamın sakinləri olacağımızdan böyük qürur duyuruq. Bunun üçün Oğuz rayonunda müvəqqəti məskunlaşan bütün ağdamlılar dövlət başçısına hədsiz minnətdarlıqlarını bildirir, öz sevgi və məhəbbətlərini ifadə edirlər.  

Ağdamın o ürək göynədən görüntülərini televiziya ekranlarından gördükdə çox kədərlənmişəm. Şəhərin lap mərkəzində, Cümə məscidinin yanında, Musəvi küçəsi 28-dəki dördmərtəbəli binada yaşayırdıq. Biz oradan çıxanda uşaqlarımın birinin 1, digərinin 6 yaşı vardı. Elə o vaxtdan Oğuzdayıq. Burada bizim yaşamağımız, işləməyimiz, dolanışığımız üçün lazımi şərait yaradılıb. Həmişə oğuzlulardan, onun rəhbər qurumlarından yüksək diqqət və qayğı görmüşük. Müharibənin qələbəmizlə başa çatması xəbərinin bu rayonda da doğurduğu böyük sevincin əks-sədasını ifadə etməkdə çətinlik çəkirəm. Oğuzlular həm qələbəyə, həm də biz məcburi köçkünlərin otuz il ağlayan ürəklərinə gətirilən sakitliyə görə hədsiz sevinirdilər. Sevinirdilər ki, qüdrətli Azərbaycanımız, dünyanın tanınan dövlət və siyasi xadimləri ilə bir sırada adı böyük qürurla çəkilən Prezidentimiz İlham Əliyev bir daha öz qüdrətini dünyaya nümayiş etdirdilər.

Rasim AMANOV, 

“Respublika”.