Bu ilin 6 ayında
Sosial həyat

Bu ilin 6 ayında

71 mindən çox e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub. Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.

E-sosial.az portalından  5,7 milyon  dəfə istifadə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı bu ilin 6 ayında da artmaqda davam edərək  iyulun 1-nə 929 minə çatıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan portal 2018-ci ilin son aylarında istifadəyə verilib. Vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) bazasına çıxış imkanı verən  e-sosial.az portalı hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Cari ilin yanvar-iyun aylarında portaldan 5,7 milyon dəfə istifadə olunub. Vətəndaşların e-sosial.az portalından rahat istifadəsi və portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

DSMF tərəfindən 153 mindən çox şəxsə sosial sığorta ödənişləri edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk yarısında ümumilikdə 153 474 şəxsə sosial sığorta ödənişləri həyata keçirilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 51 674-nə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 9 270-nə hamiləlik və doğuşa görə bu ödənişlər edilib. Həmçinin 33 316 şəxsə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 58 095 şəxsə 3 yaşınadək uşağa qulluqla əlaqədar aylıq sosial müavinət ödənilib. 1 119 şəxs üzrə isə dəfn xərci olaraq birdəfəlik müavinət verilib.

Qeyd olunan ödənişlər üçün ümumilikdə 42,5 milyon manata yaxın vəsait ödənilib.

Mustafa MUSTAFAYEV,

“Respublika”.