Cənubi Qafqazda davamlı sülh zəruridir
SİYASƏT

Cənubi Qafqazda davamlı sülh zəruridir

Bunu qalib ölkəmizin yaratdığı yeni  geosiyasi reallıqlar diktə edir

Azərbaycanın zəfəri, düşmənin kapitulyasiyası ilə başa çatan Vətən müharibəsindən iki il keçsə də, regionun inkişafı, region dövlətlərinin və xalqlarının təhlükəsizliyi naminə sülh danışıqlarının aparılması zəruriyyəti aktuallığını qoruyub saxlayır. Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb: "Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər". Bu barədə Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib. Prezident qeyd edib ki, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq: "Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib". 

Azərbaycan Prezidenti İlham Əliyev bu il aprel ayında ADA Universitetində keçirilən dünyanın beyin mərkəzlərinin nümayəndələrinin "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışında bildirmişdir ki, bu gün dünya yeni reallıqlarla üzbəüzdür. Bu reallıqları dərk edərək dövlətin prioritet sahələri, müstəqillik, iqtisadi inkişaf önə çəkilməlidir. Azərbaycan hakimiyyətinin əsas məqsədlərindən biri regionda davamlı sülhə nail olunması, Qarabağda sosial infrastrukturun sürətli bərpası, yerli əhalinin qayıdışının təmin edilməsidir. Dövlət başçısı bu barədə konfransda danışarkən qeyd edib ki, erməni separatizminin nəticəsi olaraq Cənubi Qafqazda regional əməkdaşlıq düz 30 il ləngimişdir. Cənab Prezidentin "Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar". Ölkə başçısı bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın zəruriyyətini əsaslandırmışdır.

Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Vacib olan budur ki, Ermənistan regional inkişafın bir hissəsi olması üçün beynəlxalq enerji və daşımalar marşrutlarına qoşulmalıdır. Bunun üçün, ilk növbədə separatizmdən əl çəkməli, ziddiyyətli bəyanatlardan, revanşist meyillərdən, təxribatlardan uzaq durmalıdır. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın 30 illik işğalına son qoyub, müharibə yolu ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Hələ İkinci Qarabağ müharibəsinin gedişində dövlətimizin başçısı postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən, gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirmişdi. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası hesab olunan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub.

İkinci Qarabağ müharibəsi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla bitib. Bununla da Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişə faktiki olaraq, sona çatıb. Amma postmünaqişə dövründə sabitlik və təhlükəsizliklə bağlı çağırışlar hələ də qalmaqdadır. Eyni zamanda, indi regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır. Həm Ankara, həm də Moskva bu bölgədə nəqliyyat dəhlizlərinin açılması yolu ilə regional iqtisadi inteqrasiyaya dəstək verir. Bu mənada, Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edən nəqliyyat marşrutudur. Bu layihədə iştirak edəcək bütün tərəflər ondan faydalanacaq. Zəngəzur dəhlizinin açılması nəticəsində Azərbaycan Naxçıvan Muxtar Respublikası, Türkiyə isə birbaşa Azərbaycan və Mərkəzi Asiyanın digər türkdilli dövlətləri ilə birləşəcək. Ermənistana gəlincə, bu layihədən Yerevan da faydalana biləcək.

"Cənubi Qafqazda Can Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bölgədə davamlı sülh üçün ümid işığı yanıb. Can Azərbaycana olan dəstəyimiz Şuşa Bəyannaməsi ilə olduqca dəyərli və davamlıdır". Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan 27-ci çağırış Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin başlanması münasibətilə parlamentin iclasındakı çıxışında ifadə edib. Türkiyənin bölgədə davamlı sülh və sabitlik üçün üzərinə düşənləri yerinə yetirdiyini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan deyib ki, təyin edilən xüsusi nümayəndələr vasitəsilə Ermənistanla əlaqələri yeni səviyyəyə yüksəltmək iradəsini ortaya qoymuşuq. Ermənistan sülh fürsətlərində üzərinə düşənləri düzgün dəyərləndirməlidir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən üçtərəfli görüşlər Avropanın regionda təsir imkanlarının və nüfuzunun daha da artmasından xəbər verir. Artıq dörd dəfə baş tutan Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Belə ki, bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha da intensivləşməsinə stimul verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib ki, sülh müqaviləsinin bağlanması üçün Azərbaycanla substantiv danışıqlara başlamaq lazımdır. Qeyd edək ki, Moskva da Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış bütün razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır. Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüş 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib. Nazir Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb. Görüş zamanı delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi, cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub. Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığını və sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha ifadə edib.

Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır. İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaq. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq. Bütövlükdə Qafqaz regionunda sabitlik və təhlükəsizlik Cənubi Qafqazda sülh və əməkdaşlıqdan asılıdır. Münaqişələrin həlli regionun daha güclü olmasına təkan verəcək, bununla da qlobal təhlükəsizlik zəncirinin bir hissəsinə çevriləcək.

Mustafa KAMAL,

"Respublika".