Dalğalan, ucadan-uca Bayrağım!
Digər xəbərlər

Dalğalan, ucadan-uca Bayrağım!

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

Millətimin kimliyini, xalqımın mənliyini özündə yaşadan üçrəngli Bayrağım! Azadlığımın, istiqlalımın fərmanı, dilimin, dinimin, türklüyümün nişanı, Vətənin keşiyində dayanan əsgərimin and yeri müqəddəs Bayrağım! Vətən uğrunda şəhid olan qəhrəman oğulların qanına boyandıqca, yağı düşməndən azad edilən hər kəndə, şəhərə sancıldıqca sən daha əzəmətlə dalğalandın. Daha möhtəşəm, daha qürurlu göründün. Dalğalan, hər zaman elə zirvələrdə dalğalan ki, düşmənin bağrı yarılsın. 30 illik erməni işğalına son qoyan İkinci Qarabağ müharibəsində dalğalandığın kimi... Öz gücü, öz qüdrəti ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan bütün dünyanın gözü qarşısında əzəli torpaqlarına sancanda düşmənə göz dağı oldu ay-ulduzlu bayrağımız. Çünki erməni , onun havadarları da yaxşı bilir ki, o bayraq yüksəldiyi yerdən əsla bir daha enməyəcək. Odlar yurdunun başı üstündə əzəmətlə, qürurla daim dalğalanacaq, dünya durduqca, Azərbaycan var olduqca...

...Düşmənini hərb meydanında məğlub edən qəhrəman Azərbaycan oğlu idman arenasında da rəqiblərinə öz gücünü göstərib həmişə. Dünyanın dörd bir yanında keçirilən idman yarışlarında, beynəlxalq səviyyəli bilik yarışmalarında, olimpiadalarda qalibiyyət qazanan gənclərimiz öz hünərlərini, bilik bacarıqlarını nümayiş etdirməklə dövlət himnimizi səsləndirib, bayrağımızı ucaldıblar. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni dizayneri tərəfindən bayrağımızın yandırılmasına səbəb idmançılarımızın mütləq şəkildə qələbə qazanacağı Azərbaycan bayrağını öz əzəli torpağında dalğalandıracağı qorxusu idi. Çünki ermənilər Azərbaycan oğullarının gücünə , mübarizliyinə yaxşı bələddirlər. Ancaq onlar bircə şeyi unudurlar ki, Azərbaycan xalqı öz torpağı, bayrağı uğrunda ölümün gözünə dik baxan, bayrağının qərar tutduğu yüksəklikdən enməməsi üçün can fəda edən xalqdır.

Bayraq hər bir dövlətin, xalqın varlığının, apardığı azadlıq mücadiləsinin, təfəkkür düşüncə tərzinin, mənəvi dünyasının görüntüsüdür. Ulu öndər Heydər Əliyev deyirdi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir". Bəli, xalqımız bu bayraq altında birləşərək öz azadlığını, müstəqilliyini bərpa etdi, Azərbaycan oğulları müqəddəs bayrağına sarılaraq öz torpaqlarını mənfur ermənilərdən geri aldı. Azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirərək öz qanı ilə boyadı üçrəngli bayrağını, amma əqidəsindən, amalından geri dönmədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşməninə dərs verdi. Elə bir dərs ki, ermənilər bu rəzilliklərini tarix boyu unuda bilməyəcəklər. Mərd, cəsarətli, ölümündən belə qorxmayan qəhrəman Azərbaycan oğullarının qarşısında diz çökdüklərini, silahını atıb qaçdıqlarını yaddan çıxara bilməyəcəklər. Yaddan çıxarmırlar da... Məğlubiyyətinin, kapitulyasiyasının heyfini çıxmağın min bir fitnəsinə əl atır, alçaq niyyətini çirkin əməlləri ilə göstərir. Belə ki, bir neçə gün əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ermənilər Azərbaycanın Dövlət Bayrağını yandırmaqla öz mənfur xislətlərini bir daha bütün dünyaya nümayiş etdirdilər. Hünər meydanından baş götürüb qaçan, söz savaşında hər dəfə özünü biabır edən düşmən "gücünü" bu dəfə belə göstərdi. Azərbaycan bayrağını məğlubiyyətindən od tutub yanan ürəyinin atəşi ilə yandırmaqla. Lakin bununla da onların ürəyi soyumayacaq, elə yanacaq ki, tüstüsünə özləri kor olacaqlar. Çünki bu il aprel ayının 18- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı demişdir: "...Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır. Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar... Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər". Niyə olmasın. Axı, üçrəngli bayrağımın dalğalandığı coğrafiya hər gün genişlənməkdədir. Bundan qürur duyuruq. Qardaş Türkiyənin al bayrağı ilə üçrəngli Azərbaycan bayrağının hər yerdə qoşa dalğalanması gücümüzə güc qatır, düşmənin bağrını yarır. Dövlət başçımızın dediyi kimi: "Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır əbədi dalğalanacaq, hər zaman bir yerdə".

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi, türk birliyindən, islam həmrəyliyindən yoğrulan ucadan uca, müqəddəs Bayrağım! Dalğalan! Sən dalğalandıqca, düşmən xar olur...

Mehparə ƏLİYEVA,

"Respublika".