Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatıb
Diaspora

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 19 ölkədən 70-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin mədəniyyət paytaxtına aparan yolboyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.

"Biz dəmir yumruğun gücü ilə Şuşadayıq" layihəsi çərçivəsində yeddinci dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri şəhərin baş meydanı "Bazarbaşı"nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış "Güllələnmiş heykəllər"in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, "Xan qızı bulağı"nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, postmüharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, "Qarabağ Azərbaycandır! Şüarını səsləndirib və "Yallı" sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə iki dəfə (26 iyul və 17 avqust) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil ediblər.

"Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!" şüarı altında reallaşan səfərlərin "Şuşa İli"ndə davam etdirilməsi Azərbaycan diaspor tarixinə yazılmış ən mühüm hadisələrdən biridir.

AZƏRTAC