Doğma münasibət, həssaslıq və diqqət
Region

Doğma münasibət, həssaslıq və diqqət

Tarixən Xocavənd ellərində yurd sevgisi, torpaq məhəbbəti çox güclü olub və bu qiymətli ənənə nəsildən-nəslə ötürülüb. Öz dədə-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən Birinci Qarabağ müharibəsində 146 nəfər şəhid və 300 nəfərdən çox insan əlil olub. Ermənilər tərəfindən girov götürülən 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda məhv edilib. Ağır faciə xocavəndliləri heç zaman ruhdan salmayıb. Vətən müharibəsinin ilk günlərindən xocavəndlilər döyüşlərə atılıb. 44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələri ilə mübarizədə Xocavənd rayonundan 224 nəfər iştirak edib, 8 nəfər hərbi, 1 nəfər mülki şəxs şəhidlik zirvəsinə yüksəlib, 6 nəfər əlil olub. Ölkəmizin hər yerində olduğu kimi, Xocavənd rayonunda da şəhid ailələri, əlil və müharibə iştirakçıları hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.

Bu günlərdə Xocavənd Rayon İcra Hakimiyyətində şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərinə operativ baxılması ilə bağlı müşavirə keçirilib. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov müşavirədə bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsasını müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Sağlamlıqlarını Vətənimizin ərazi bütövlüyü uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələrinə və əlillərə yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Təbii ki, bu doğma münasibət və diqqət şəhid ailələri və müharibə əlilləri tərəfindən razılıqla qarşılanır.

Salman ALIOĞLU,

"Respublika".