Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı əsassız iddiaların irəli sürülməsi ilə bağlı məlumat yayıb
Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı əsassız iddiaların irəli sürülməsi ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycana qarşı əsassız iddiaların irəli sürülməsi ilə bağlı məlumat yayıb.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, məlumatda son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi-tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlərin səsləndirildiyi qeyd olunub.

Bildirilib ki, heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.

"Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk", - deyə DTX-nin məlumatında qeyd olunub.

AZƏRTAC