Dünya Bankının “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyası bölgələrdə olub
Sosial həyat

Dünya Bankının “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyası bölgələrdə olub

Dünya Bankının “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyası ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialında olub. Bu barədə Agentliyin məlumatında bildirilir. 

Missiyanın üzvləri - Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, layihənin baş iqtisadçısı Sirma Demir Şeker, sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova, missiyanın digər üzvləri, eləcə də Layihə İcra Qrupunun rəhbəri Fəqan Əsgərov və Layihə İcra Qrupunun üzvü Faiq Sadıqov ilə birgə layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub.

Filialın müdiri Ramal Quluzadə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bölgədə görülən işlər, benefisiarlar, onların tələbatları, o cümlədən təqdim edilən aktivlər barəsində ətraflı məlumatlar verib.

Missiya tərəfindən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Quba və Xaçmazda aktivlərlə təmin olunan benefisiarlardan bir neçəsinin bu aktivlər hesabına qurduqları kiçik bizneslərə baxış keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi ilə tanışlıq olub. KOBİA-nın Quba-Xaçmaz regional koordinatoru Azər Pənahov KOBİA-nın regionda  gördüyü işlər, kiçik və orta biznesin inkişafında vətəndaşlara göstərdiyi dəstək barədə ətraflı məlumat verib.