Dünyada təqdir olunan brendimiz
Siyasət

Dünyada təqdir olunan brendimiz

"ASAN xidmət" mərkəzlərinin fəaliyyət dairəsi genişləndirilir

"ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insan tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda "ASAN xidmət" mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Salyan regional "ASAN xidmət" mərkəzi respublika üzrə sayca 25-cidir. Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan, ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə, 360-dan çox xidmət həyata keçiriləcək. Burada 205 əməkdaşın, 45 könüllünün çalışması nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin 2012-ci il dekabrın 29-da açılışı olub.

Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə yanvarın 15-də fəaliyyətə başladı. 2013-cü il mayın 3-də Sumqayıtda, bundan bir neçə həftə sonra mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Hazırda Bakı şəhərində 7 "ASAN xidmət" mərkəzi vətəndaşların xidmətindədir. Ümumilikdə, "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dan çox, "ASAN Kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu ASC" və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 640 mindən çox vətəndaşın 61 milyondan çox müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir. Regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 783 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.

Prezident İlham Əliyevin rəhbərliyilə ölkədə aparılan ardıcıl islahatlar idarəetmənin təkmilləşdirilməsinə, yeni düşüncə tərzinin formalaşdırılmasına istiqamətlənmişdir. Yeni idarəetmə modellərinin əsas prinsiplərindən biri şəffaflığın artırılmasının ön plana çəkilməsidir. Məhz bu baxımdan, dövlət başçısı demokratik idarəçiliyin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsi, korrupsiya və rüşvətxorluğun qarşısının alınması məqsədilə 2012-ci ilin 13 iyul və 5 sentyabr tarixlərində müvafiq fərmanlar imzalamışdır. Həmin fərmanlarla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzləri yaradıldı.

Bu xidmət vasitəsilə vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin tətbiqi getdikcə genişləndirilir. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.

Azərbaycan Prezidenti Salyanda "ASAN xidmət" mərkəzinin açılışında televiziyaya müsahibəsində deyib: "...Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsullarımızın bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik".

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq... "ASAN xidmət" mərkəzləri məhz bu prinsiplər əsasında fəaliyyət göstərir. Kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Agentliyin yaradılması, ilk növbədə, "vətəndaş-dövlət qulluqçusu" münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dünyada nadir təcrübə olan "ASAN xidmət" məhz Azərbaycan brendi kimi dünyada tanınmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir.

Bürokratik əngəlləri aradan qaldırmaqla insanların daha rahat yaşamağını təmin edən Prezident İlham Əliyev "ASAN xidmət"i yaratmaqla dünyada analoqu olmayan addım atdı. Bu, dünyada öyrənilən şəffaflığın Azərbaycan modelidir və dövlət başçısının dediyi kimi, "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir".

BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini və direktor vəzifələrinin müvəqqəti icraçısı Rastislav Vrbenski deyib: "Azərbaycan "ASAN xidmət" modelini yaratdığı üçün qürur duymalıdır".

Zümrüd QURBANQIZI,

"Respublika".